Sual: Çevrəmizdə bəzi insanlar kin bəslədiyi insanların günahlarıyla məşğul olurlar. Tənqidə məruz qalan insanlar da özlərinə haq qazandırmaq üçün müxtəlif səbəblər uydururlar. Bu tərz davranışların Quran və sünnədəki yeri nədir?
Cavab: Biz insanların günahlarıyla, onların pis olmaqlarıyla deyil, yaxşı olmalarıyla məşğul olmalıyıq. Biz insanları doğrulara çağırmalı və xətalarını Quran və sünnə çərçivəsində ortaya qoymalıyıq. Ancaq şəxsi günahla məşğul olan, işi gücü başqasını tənqid etmək və qaralamaq olan insanlara da bənzəməməliyik. Hər kəs hər cür xəta və günah işləmiş ola bilər. Ona biz sadəcə həmin işin günah olduğunu başa salmalıyıq. Bundan sonra bizim işimiz nə onu məcbur etmək nə də hər yerdə onu ifşa etmək deyildir. Çünki, həmin şəxs tövbə etmişsə, artıq Allah onun günahının üstünü örtmüşdür. Artıq bizim ifşa etməyimiz bir növ, Allahın örtdüyünü açığa çıxarmaq olar ki, bu da həm Allaha həm də o şəxsə hörmətsizlik olar. Belə hallarda Allah da onu peyğəmbərimizin hədisində ifadə etdiyi kimi belə cəzalandırır: “Kim bir qardaşını günahı səbəbilə ayıblayarsa, həmin günahı həmin şəxs işləmədən ölməz.”
Təəssüf ki, müsəlmanlar arasında yayılan kin və düşmənçilik nəticəsində nəinki bir müsəlman işlədiyi günahı səbəbilə ayıblanır, hətta hər dediyi, elədiyi araşdırılmaqda və harda bir xəta etmişsə, hər kəsə ifşa edilməyə çalışılmaqda, Allahın bu xəbərdarlığı isə gözardı edilməkdədir: “Ey iman gətirənlər! Zənnə çox qapılmayın. Çünki zənn edilənlərin bir qismi günahdır. Bir-birinizi güdməyin, bir-birinizin qeybətini qılmayın. Sizdən biriniz ölmüş qardaşının ətini yemək istəyərmi? Siz ki, bundan iyrənirsiniz. Allahdan qorxun! Həqiqətən, Allah tövbələri qəbul edəndir, Rəhmlidir.” (Hucurat 49/12.)
Buna oxşar sual və cavablarla aşağıdakı keçiddə tanış ola bilərsiniz:
http://www.muselmanlar.com/fitvalar/2079.html
http://www.muselmanlar.com/fitvalar/3333.html
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.