Müsəlmanlar

Məqamı Mahmud nə deməkdir?

Sual: İsra surəsinin 79-cu ayəsində peyğəmbərimiz əleyhissəlamla əlaqədar, “ Rəbbin səni məqamı Mahmuda yüksəldəcəkdir”- buyurulmaqdadır. Bu məqamın mənası nədir?

Cavab: Buradakı “məqamən Mahmudən”- ifadəsi, ərəb dili  qaydalarına əsasən “nəkrə” bir ifadədir. Yəni, “naməlum” bir isimdir. Bilinən bir isim deyildir. Bilinən bir isim dediyiniz zaman, “İstanbul”, “Bakı”, “Moskva” və sair ağla gəlir ki, bunların yeri məlumdur. Ancaq naməlum ismin yeri məlum olmaz. Məsələn, “gözəl şəhər”, “gözəl ev”, “yaxşı bina” deyildiyi zaman qəsd edilənin harası olduğu məlum deyildir.

Ayəti-Kərimədə də Allah Təala tərəfindən peyğəmbərimizin “məqamən Mahmudən” yəni “gözəl yerə” çıxarılacağından bəhs edilməkdədir. Ancaq bu məqamın nə olduğu məlum deyildir. Əgər müəyyən edilmiş olsaydı “əlif və lamlı” olardı. O zaman axirətdəki filan yer deyə bəhs edilə bilərdi. Təəssüf ki, bir çox məzhəb mənsubları bu naməlum ifadəni öz əqidələrinə və baxış tərzlərinə görə yorumlamışlar. Hər məzhəb də öz görüşünü haqlı göstərmək üçün bu barədə müxtəlif rəvayətlər, hədislər dəlil gətirməyə çalışmışdır. Əgər bu kəlimə klassik məzhəbçilərin dediyi mənaya gəlsəydi, onda bu kəlimə “məqamən Mahmudən” deyil, “əl-məqamə əl-Mahmudə” olmalı idi.

Ümumiyyətcə, Ayəti-Kərimə və doğru məalı belədir:

وَمِنَ اللَّيْلِ فَتَهَجَّدْ بِهِ نَافِلَةً لَكَ عَسَىٰ أَنْ يَبْعَثَكَ رَبُّكَ مَقَامًا مَحْمُودًا

“Gecənin bir vaxtı oyanıb ancaq sənə məxsus (təhəccüd) namazı qıl. Mümkündür ki, Rəbbin səni tərifəlayiq bir məqama (yerə) çıxarsın.” (İsra 79)

Bu surənin Məkkədə endiyi məlumdur. Bizə görə bu ayənin mənası belədir:

Peyğəmbərimiz əleyhissəlama təzyiqlər, təhqirlər çoxaldığı bir zamanda Allah Təala özünə yönəlməyi və çox keçmədən bu sıxıntıların bitəcəyindən, onu özünə hörmət göstəriləcək, ucaldılacaq bir yerə göndərəcəyindən bəhs etməkdədir. Bu yer Mədinədir. Sonrakı ayə də bu görüşümüzü dəstəkləməkdədir:

وَقُلْ رَبِّ أَدْخِلْنِي مُدْخَلَ صِدْقٍ وَأَخْرِجْنِي مُخْرَجَ صِدْقٍ وَاجْعَلْ لِي مِنْ لَدُنْكَ سُلْطَانًا نَصِيرًا

De: “Ey Rəbbim! Məni daxil olacağım yerə yaxşılıqla daxil et; məni çıxacağım yerdən də yaxşılıqla çıxart. Öz tərəfindən mənə yardım edən bir dəlil ver”. (İsra 80)

Əgər klassik məzhəb mənsublarının iddia etdikləri kimi, bu ayədən başa düşülən, “peyğəmbərin ərşdəki yerinə yüksəldilməsi” və ya “şəfaət məqamına gətirilməsi” isə, onda peyğəmbər bu ayədə, “Ey Rəbbim! Məni daxil olacağım yerə yaxşılıqla daxil et; məni çıxacağım yerdən də yaxşılıqla çıxart”- deyərdimi?

Qurandakı ayələri birlikdə oxumadan öz xəyallarına əsaslanaraq verilən mənalar keçmiş ümmətlərin xətalarını təkrarlamaqdan başqa bir şey deyildir.

Buna bənzər məlumat almaq istəyənlər saytımızın aşağıdakı linklərinə müraciət etsinlər:

http://www.muselmanlar.com/fitvalar/5230.html

http://www.muselmanlar.com/fitvalar/3017.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

[1]  İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri. []