Sual: Mən bir müəllim və bir uşaq atasıyam. Uşaqların və ya tələbələrin Qurani bir metodla təlimdən keçməsi üçün necə bir yol izləməliyəm? Məsələn, mən, dini mövzuda heç kimi məcbur etməməyimizi öyrəndim. Uşaqların təlim-tərbiyəsində də bu yolu izləməliyik?
Cavab: Biz insanlara doğruları öyrətmək məcburiyyətindəyik. Bu doğrular ümumbəşər doğrulardır. Hər insanın başına İbrahim əleyhissəlamın başına gələn hadisənin bir başqa forması gəlir. Qurani Kərim bu hadisəni bizə belə çatdırır:
“Biz, İbrahimə göylərin və yerin səltənətini göstərdik ki, yəqinliklə inananlardan olsun. Gecənin qaranlığı onu bürüdükdə o, ulduz görüb: “Bu mənim Rəbbimdir!”– dedi. O batdıqda isə: “Mən batanları sevmirəm!”– dedi. Doğan ayı gördükdə: “Bu mənim Rəbbimdir!”– dedi. O batdıqda isə: “Əgər Rəbbim məni doğru yola yönəltməsəydi, mən azmış adamlardan olardım”– dedi. Doğan günəşi gördükdə: “Bu mənim Rəbbimdir, bu daha böyükdür!”– dedi. O batdıqda isə dedi: “Ey qövmüm! Həqiqətən, mən sizin (Allaha) şərik qoşduqlarınızdan uzağam! Doğrudan da mən, hənif olaraq üzümü göyləri və yeri yaradana çevirdim. Mən müşriklərdən deyiləm”. (Ənam 6/75-79.)
Hər insan öz şəxsi araşdırmaları ilə Allahın varlığına və birliyinə qənaət gətirir. Bizə düşən vəzifə, uşaqlarımıza və çevrədəkilərimizə həqiqəti çatdırmaqdır. Uşaqların təlim-tərbiyəsi ilə məşğul olanlar bunu yaxşı bilirlər; uşaqların ən dindar dövrü büluğ çağına gəldikləri dövrdür. Artıq büluğa çatıb, özünə yeni bir həyat qurmağa başladığı zaman, şəxsi mənfəətləri ilə ümumbəşər doğrular arasında ziddiyyət başlamış olur. Bu zaman öz qərarını verir. Əgər mənfəətlərini birinci sıraya alırsa, siz istədiyiniz qədər təsir göstərin, onu yola gətirə bilməzsiniz. Əgər ümumbəşər doğruları birinci sıraya alırsa, sizin onu dəstəkləməniz lazımdır. Yəni, bir insana etiqadi məsələlərdə təzyiq göstərmək onu doğru yola gətirməz. Belə bir təzyiq, onun şəxsiyyətini pozmaqdan başqa bir işə yaramaz. Bizim edəcəyimiz iş, uşaqlarımıza Allahın nazil etdiyi və yaratdığı ayələri öyrətməkdir.
Qurani Kərim bir yağmur kimidir: Yuxarıdan aşağıya tərəf yağdığı zaman, daşın üzərinə də torpağa da yağar. Bizim vəzifəmiz doğruları başa salmaqdır. Başqaları nə qədər almaq istəyirsə o qədərini alırlar. Bunun bizə bir nümunəsi Quranda Musa əleyhissəlamla qövmü arasında və Nuh əleyhissəlamla oğlu arasında verilmişdir: Musa əleyhissəlam o qədər möcüzə göstərməsinə baxmayaraq, qövmü qızıl dənizi keçəndən qısa bir müddət sonra təzədən şirkə düşdü. Nuh əleyhissəlam oğluna illərlə nəsihət etdi. Ancaq qəbul etmədi. Bu səbəblə biz, insanların yoldan çıxmasına mane ola bilmərik. Ancaq biz insanlara təzyiq göstərmədən üzərimizə düşən təbliğ vəzifəsini layiqincə yerinə yetirməyə çalışmalıyıq.
Suala cavab verdi: Abdüləziz Bayındır.[1]
Buna bənzər məlumat almaq istəyənlər saytımızın aşağıdakı linkinə və video müsahibəli dərsimizə müraciət etsinlər:
http://www.muselmanlar.com/fitvalar/5545.html
https://www.youtube.com/watch?v=Y2Q34k1hBJs
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.
[1] İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri. [↩]