Müsəlmanlar

Meyyit namazında: “Haqqımı halal etmirəm” deməyin hökmü nədir?

Sual: Məlumdur ki, meyyit namazında namazı qıldıran molla üzünü camaata tutub: "Haqqınızı bu ölən şəxsə halal edirsiniz?", - deyə, soruşur. Bu vaxt: "Xeyr, mən haqqımı halal etmirəm" deməyin hökmü nədir?

Cavab: Əgər bunu deyən şəxsin ölən şəxsin boynunda haqqı varsa, bu söz qüvvədədir. Əgər heç bir haqqı yoxdursa, etibarsız bir sözdür, əhəmiyyəti yoxdur.

Bu halallaşmaq məsələsi də son vaxtlarda hədd-hüdud tanımır. Belə ki, bir nəfəri çaya qonaq edirsən, çayını içdikdən sonra deyir ki, haqqını halal et. Halbuki çaya qonaq edən onsuz da bunu ona halal edib; bəri başdan öz qərarını verib! Həmin şəxs çayını içdikdən sonra: “Bu çay sənə zəhər olsun!”, – deməyin heç bir əhəmiyyəti yoxdur. Belə bir məntiq ola bilməz.

Halallaşmaq bu qədər sadə və bəsit bir məsələ deyil. Əgər belə olsaydı, hamı bir-birinin cibindən pul və ya telefon götürər, sonra da: “Haqqını halal et”, – deyərdi.

Mən özüm məndən halallıq istəyən şəxslərdən soruşuram ki, xeyr ola, aramızda mənim bilmədiyim bir məqam var? Varsa, de, mən də halal edib etməyəcəyimə düzgün qərar verim.

Bəzən görürsən ki, bəzi analar uşaqlarına belə deyirlər: “Sənə verdiyim süd haram olsun, burnundan gəlsin!”. Bu sözün heç bir mənası yoxdur. Çünki o ana südünü öz övladına Allah əmr etdiyi üçün onsuz da verməlidir. Üstəlik, övlada keçmişdə baş vermiş bir hadisəyə əsasən halallıq verib verməmək də cəfəngdir.

Əgər bir şəxsin digər bir şəxsə həqiqətən də, haqqı keçibsə, bunun da bir yol-yolağası var. Misal üçün, ölən şəxsin yaxınlarına müraciət edib deyə bilər ki, filankəs öldü, ancaq mənim onda filan haqqım var. Əgər bunu sübuta yetirə bilsə, haqqını ala bilər. Belə bir halda ölənin yaxınları onun mirasından həmin borcu ödəməlidirlər. Mirası yoxdursa, başqa bir iş görməyə ehtiyac yoxdur.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.