Müsəlmanlar

Qadın Quran oxuduqda başını mütləq bağlamalıdır?

Sual: Qadınlar Quran oxuduqları vaxt mütləq başlarını bağlamalıdırlar? Yoxsa, Qurani-Kərimi başı açıq da oxumaq olar?

Cavab: Xeyr, lazım deyil! Müsəlman bir qadın başını özünə dini cəhətdən yad olan kişilərin yanında, bir də namaz qıldığı vaxt bağlamalıdır. Qadınların arasında olduqda, evdə ərinin, uşaqlarının, atasının, qaynatasının, qardaş-bacılarının, eləcə də, qardaş və bacılarının uşaqlarının yanında başını bağlamalı deyil.

Allah Təala bu məsələ ilə əlaqədar belə buyurmuşdur:

“Mömin qadınlara de ki, gözlərini haramdan çəkindirsinlər, iffətlərini qorusunlar, öz-özlüyünə görünən hissənin xaricində zinətlərini göstərməsinlər. Baş örtüklərini yaxalarının üstünü də əhatə edən formada taxsınlar. Ataları, qayınataları, oğulları, ərlərinin oğulları, qardaş-bacıları, qardaş-bacılarının oğulları, müsəlman qadınlar, cariyələr (kəniz), kişiliyi qalmamış tabelər (yəni, köməyə möhtac hala düşmüş və kişiliyi qalmamış yoxsul və düşkünlər) ya da qadınların məhrəm yerlərini hələ başa düşmək vaxtına gəlməmiş uşaqlardan başqasına zinətlərini göstərməsinlər. Gizli gözəlliklərinin aşkara çıxması üçün ayaqlarını yerə vurmasınlar.” (Nur, 24/31)

Quran oxuduqda necə rəftar etmək lazım gəldiyini isə Allah belə ifadə etmişdir:

“Quran oxuyacağın zaman daşlanaraq qovulmuş şeytandan Allaha sığın!” (Nəhl, 16/98)

Bu ayəyə əsasən istər qadın, istərsə kişi olsun, Quran oxumaq istəyən hər bir müsəlmanın görməli olduğu yeganə iş şeytandan Allaha sığınmaqdır. Bundan savayı bir əmr yoxdur. Ona görə də Quran oxuduqları vaxt qadınların başları açıq ola bilər. Həmin vaxt başı bağlamağı əmr və yaxud tövsiyə edən hər hansı bir ayə və ya hədis yoxdur.

Qadınlar Quran oxuduqları vaxt tilavət səcdəsi ilə üzləşsələr, həmin səcdəni də başı açıq formada yerinə yetirə bilərlər. Bunda da bir eyib-qadağa yoxdur. Çünki tilavət səcdəsi namaz hökmündə deyil. Onu başı açıq olaraq etmək olar. Xülasə, elmi tədqiqatlar və fitva təşkilatı əl-Ləcnətu-d-daimə də bu istiqamətdə fikir bildirmişdir.  ((Ətraflı məlumat üçün baxın: Heyət, əl-Ləcnətu-d-daimə, 7-ci cild, s. 263, fitva nömrəsi 13376.))

MƏNBƏ: Yahya Şenol, Fetvalar, Kitap ve Hikmet dergisi (jurnal), Yanvar-Mart 2015, 2-ci il, nömrə 8, s. 54-55.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.