Sual: Quranın Maidə surəsinin 38-ci ayəsində deyilir ki, oğurluq edən kişi və qadının əllərini kəsin. Burada oğurluğa görə tətbiq olunan əlkəsmə cəzası həqiqidir, yoxsa məcazi?
Cavab: Bu cəza həqiqi bir cəzadır. Qurana əsasən bu cəza müəyyən şərtlər daxilində tətbiq olunmalıdır; yəni, oğrunun əli kəsilməlidir.
Bu cəzaya məcazi deyənlərin öz mal-mülkü oğurlansa, belə deməzlər. Əksinə, oğurluq edənlərin məhv edilməsini tələb edərlər.
Quranın bu əmrləri cəmiyyətə güclü dərəcədə təsir edir. Mən vaxtilə uzun bir müddət Osmanlı dövrü məhkəmə qeydləri üzərində işlədim. 21 il ərzində Osmanlı Dövlətinin dövründə baş verən kriminal hadisələrlə əlaqədar məhkəmə arxivlərində tədqiqat apardım. Nəticədə o dövrü çox yaxından tanımaq imkanı əldə etdim. Bir şeyi müşahidə etdim:
Oğurluğa görə verilən əlkəsmə cəzası çox nadirdir, əli kəsilənlərin sayı da çox deyil. Bunun səbəbi bu cəzanın cəmiyyət üzərində təsiri və insanları bu bəd əməldən uzaq tutmağıdır.
1453-cü ildən (İstanbulun fəthi) şəriətin ləğv edilməsinə (1924-cü il) qədərki dövrdə oğurluq halları da çox az baş verib. Hətta İstanbul məhkəmələrinə dair tarixi sənədlərdə bir nəfərin belə, əlinin kəsildiyi ilə əlaqədar məlumat xatırlamıram. Çünki bu cəza insanların oğurluq əməlinə cürət etmələrinə mane olurdu, onların qarşısını kəsirdi.
Qurana baxdıqda Yusif peyğəmbərin əhvalatını da görürük. O, doğma qardaşı Bünyamini öz yanında saxlamaq məqsədilə necə deyərlər, bir ssenari hazırlamışdı. O dövrdə oğurluq edən şəxsi həbs edirdilər. Tutub saxlayırdılar. Cəza bundan ibarət idi, hökm belə idi.
Bu misalla demək istəyirəm ki, mal-mülk çox vacib bir şeydir.
Hal-hazırda əlimdə plastik şüşədə su var. İndi suyu rahatlıqla əldə edirik. Su qıtlığı olduqda isə vəziyyət dəyişir. Bir şüşə su ən qiymətli mala və həyatımızı xilas edən bir amilə çevrilir.
Odur ki, əgər sizin mal-mülkünüz olmasa, yaşaya bilməzsiniz. Deməli, sizin malınıza olan qəsd əslində canınıza edilən qəsddir. Fərz edin ki, bir cəmiyyətdə mal-mülk təhlükəsizliyi yoxdur. Siz elə bir mühitdə yaşaya bilərsinizmi? Əlbəttə, yaşaya bilməzsiniz. Elə isə mal-mülkə edilən qəsd çox ağır bir hadisədir. Əgər Allah Təala belə bir hökm veribsə, təbii ki, bunun bir hikməti var.
Hərçənd oğruların bu cəzadan xilas ola bilmələri də mümkündür. Əgər tutulmadan oğurladığı şeyi gətirib təhvil versə, cəza ona tətbiq olunmur. Bir şeyi oğurladıqdan sonra bunu etiraf etsə və malı qaytarsa, ona bu halda da əlkəsmə cəzası verilmir. Ona cəza olaraq oğurladığı şey ikiqat ödətdirilir.
Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))
Bu məsələ ilə əlaqədar olaraq aşağıdakı keçidlərə də nəzər salın:
http://www.muselmanlar.com/fitvalar/4824.html
http://www.muselmanlar.com/fitvalar/4130.html
http://www.muselmanlar.com/fitvalar/4128.html
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.