Sual: Bizim litseydə təxminən 1000 şagird oxuyur. Onlar Cümə namazı üçün məktəbdən məscidə gedə bilmirlər. Məktəbdə münasib bir yerimiz var. Cümə günü din dərsinin müəllimi pişnamaz (imam-camaat) olsa, şagirdlərə namaz qıldıra bilər?
Cavab: Cümə namazı ilə əlaqədar olaraq Quranın Cümə surəsində (9-cu ayə) deyilir:
“Cümə günü namaza dəvət olunduqda (çağırış edildikdə) dərhal Allahı zikr etməyə tələsin.”
Bu məsələdə əsas məsələ insanların bir yerdə Cümə namaz qılmaqlarıdır. Misal üçün, Mədinə şəhərində təkcə Peyğəmbər məscidində Cümə namazı qılınır.
Qədimdə kənd və qəsəbə məscidlərində, yəni, kiçik yaşayış məntəqələrinin məscidlərində Cümə namazı qılınmırdı; təkcə mərkəzi yerlərdə qılınırdı. Osmanlı Dövləti dövründə, təqribən 1880-ci illərdə kiçik məscidlərdə də Cümə namazı qılmağa icazə verildi. Peyğəmbərin (s. a. v.) dövründə də kənd məscidlərində Cümə namazı qılınmırdı.
Bizim dövrümüzdə isə hər bir məsciddə Cümə namazı qılınır. Hətta iş yerlərində belə.
Halbuki Cümə namazı belə bir namaz deyil. Mərkəzi bir yerdə qılınmalıdır.
İndiki dövrdə Cümə namazı qılınmaq istəyən məscid üçün dini idarəyə müraciət olunur, oradan müvafiq icazə alınır və həmin məsciddə artıq Cümə namazı qılınır.
Hənəfi məzhəbi bu məsələ ilə əlaqədar bir şərt irəli sürür: Cümə namazı qılınan yer hamının üzünə açıq olmalıdır. Burada bir sual yaranır: Hərbi hissələrdə də Cümə namazı qılınır. Buranın qapısını hamıya necə açaq?
Qədimdə bu məsələni bu cür həll edirdilər: Əgər bir qalada Cümə namazı qılınır və hamı oraya daxil ola bilmirdisə, qalanın yaxınlığında bir məscid tikilir və camaat Cümə namazını orada qılırdı.
Bir sözlə, bu məsələ hazırkı dövrdə çox qarışıq bir məsələyə çevrilib. Axırıncı nəsil Hənəfilərin fikrincə bir məsciddə Cümə namazı qılmaq üçün həmin bölgənin dini idarəsindən icazə almaq lazımdır.
Odur ki, kimin namaz qıldıracağına dair məlumatla birlikdə, müvafiq idarəyə müraciət edilməli, Cümə namazı qıldırmaq-qılmaq üçün icazə alınmalıdır. Bu, Hənəfilərin fikridir.
Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))
QEYD: Bu sual saytımıza Türkiyədən daxil olub.
Bu məsələ ilə əlaqədar olaraq aşağıdakı keçidlərə də baxın:
http://www.muselmanlar.com/fitvalar/4969.html
http://www.muselmanlar.com/fitvalar/4217.html
http://www.muselmanlar.com/fitvalar/3163.html
http://www.muselmanlar.com/fitvalar/cume-namazi-fitvalar
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.