Müsəlmanlar
Dişlərdə plomb və körpü olduğu halda qüsl etmək olar?

Dişlərdə plomb və körpü olduğu halda qüsl etmək olar?

Sual: Dişlərə plomb, qapaq, yaxud da körpü taxıldıqda suyun dişlərə çatmaması qüsl etməyə mane olur? Bu barədə Hənəfi məzhəbinin fikirlərini öyrənmək istərdim.

Cavab: Dişlərə plomb, qapaq, yaxud da körpü taxıldıqda Hənəfi məzhəbinin fikrincə bu, qüsl etməyə mane olmur. Çünki təzə dişlər artıq ana dişlərin yerinə keçib və bunların yuyulması elə əsl dişlərin yuyulması kimidir. Başqa sözlə, sağlamlıq baxımından bu dişlərə ehtiyac var və qüsl etmək məqsədilə bu dişləri yerindən çıxartmağa girişmək çətin və əbəsdir.

Qüsl edərkən vacib olan işlər bədənin yuyulması çətin olmayan yerlərini yumaqdır. Dəstəmaz almaq və qüsl etməklə əlaqədar ayə belə qurtarır:

“Allah sizə bir çətinlik yaratmaq istəmir. O, sizi arındırıb (təmizləyib) sizə olan nemətini tamamlamaq istəyir. Bəlkə, şükr edəsiniz” (Maidə, 5/6).

Həcc surəsinin 78-ci ayəsində də: “(Allah) din məsələsində sizə heç bir çətinlik yükləməz”, – deyilir.

Bu səbəblərə görə fiqhdə (islam hüququ) çətinlik doğuran/yaradan şeylərdə hökm dəyişdirilir. Bu prinsip “çətinlik aradan qaldırılır” formasındakı bir qaydada öz əksini tapır. Dişlərə plomb, körpü və qapaq kimi şeylər taxdırmaq sağlamlıq baxımından lazımlıdır. Qüsl edərkən bu cür şeyləri çıxardıb altını yumaq və sonra təzədən yerinə taxmaq olduqca çətin bir işdir; odur ki, bu şeylərə heç toxunmamaq lazımdır. Bunların özlərini yumaq çətin deyil. Ona görə də özlərini yumaq kifayət edir.

Nəticə olaraq qeyd edək ki, Hənəfi məzhəbinin fiqh kitablarında qüsl barədə belə deyilir: “Qüsl edərkən yuyulması çətin olan yerləri yumaq vacib deyil”. ((İbn Abidin, eyni əsər, I cild, s. 141 və ardı))

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.