Quran namaz vaxtlarından bəhs edirmi?
Müsəlmanlar yüz illərdir bu iki mühüm xətanı ənənəvi qaydada davam etdirirlər:
1.Həyatlarının ən mühüm sahələrində Qurana yer verməmələri; elm, incəsənət, siyasət, mədəniyyət, iqtisadiyyat sahələrində, hələ-hələ dini sahədə Quranın əksik olduğuna inanmaları.
2.Keçmişdəkilərinə bağlı qalaraq onların bütün dini məsələləri düzgün qaydada həll etdiyinə inanmaları və bu səbəblə Quran üzərində düşünməyi tərk etmələri.
Bəli təəssüf ki, müsəlmanlar Allahın kitabından uzaqlaşmada və xətalı ənənələrini davam etdirmədə əhli kitabı çoxdan keçmişdir. Sözlərimizi isbat üçün ilk əvvəl namazdan başlayaq:
Müsəlmanların ən mühüm ibadətlərindən olan namaz da o cümlədən, kortəbii icra edilən və Quranın göstərdiyi vaxtlar içərisində yerinə yetirilməyən ibadətlərdəndir. Bunun səbəbi də yuxarıda göstərdiyimiz iki xətalı ənənədən, yəni baxış tərzindən qaynaqlanır. Bu baxış tərzinə sahib olanlar belə deyirlər: “Quran namaz vaxtlarından bəhs etməz.”
Günümüzdəki müsəlmanlar namaz vaxtlarını, xüsusiylə işa və sübh namazlarını Quranın, Peyğəmbərin, səhabənin, Sünni və Şiə məzhəb imamlarının heç birinin göstərdiyi və qıldıqları vaxtlarda qılmırlar.
Keçən əsrin xətası; Əhməd paşanın Osmanlı Rəsədxanasından ulduzları müşahidədə istifadə etdiyi vaxtı, namaz vaxtları deyə İslam aləminə göndərilməsiylə başladı. Hazırda bütün İslam aləmi namaz vaxtlarını “astronomik dan” vaxtına əsasən qılırlar. Bu vaxtda qılınan işa namazı vaxtı keçmiş və sübh namazı da vaxtı hələ girməmiş olur. Qısacası, hər ikisi də təhəccüd vaxtı qılınmış olduğu üçün namazlar batil və Allahın əmri yerinə yetirilməmiş sayılır.
Bu girişdən sonra, Quranda namaz vaxtlarının olub-olmamasından, (“Peyğəmbər əleyhisəlamın, səhabənin, bütün məzhəb imamlarının qıldıqları namaz”- tədqiqatlar bölümündə) namaz vaxtlarından bəhs etmək istəyirəm.
Allah Təala Nisə surəsi 103-cü ayəsində belə buyurur:
إِنَّ الصَّلاَةَ كَانَتْ عَلَى الْمُؤْمِنِينَ كِتَابًا مَّوْقُوتًا
“Biz namazları vaxtlarına görə müəyyən etdik.”
Bu vaxtlara və xüsusiylə namazların sayına, yəni 5 vaxt olduğuna, ümumi qaydada Hud surəsi 114-cü ayədə işarət edilməkdədir: وَأَقِمِ الصَّلاَةَ طَرَفَيِ النَّهَارِ وَزُلَفًا مِّنَ اللَّيْلِ إِنَّ الْحَسَنَاتِ يُذْهِبْنَ السَّيِّئَاتِ ذَلِكَ ذِكْرَى لِلذَّاكِرِينَ
“Gündüzün iki bölümündə və gecənin gündüzə yaxın vaxtlarında namaz qıl. Həqiqətən, yaxşı işlər pis əməlləri silib aparır. Bu, işin şüurunda olanlar üçün bir xatırlatmadır.” Nə demək “gündüzün iki bölümündə.” Ayəni daha yaxşı başa düşmək üçün (müsəlmanların çoxunun bilmədiyi), gecə və gündüz bölümlərindən bəhs edək:
Rəsmdən də görüldüyü kimi; Gecə və gündüzün hər biri üç bölümə ayrılır. Bunların ən uzun bölümlərində fərz namazı yoxdur. Gündüzün birinci bölümü günəşin doğmasıyla, təpə nöqtəsinə gəldiyi vaxtdır. İkinci bölüm, Günəşin meylindən ikindiyə, üçüncü ikindidən günəş batana qədərdir.
Gecənin birinci bölümü günəşin batması və 18°dərəcəyə enib qaranlığın çökməsinə qədərdir. Bu vaxtda ulduzlar astronomlar tərəfindən açıq müşahidə edilmədiyindən buna “astronomik dan” deyilir.
Ayədə “Gündüzün iki bölümündə”- ifadəsindən günorta və ikindi namazları; “və gecənin gündüzə yaxın vaxtlarında namaz qıl.”- ifadəsindən də axşam, işa və sübh namazları olduğu rahat başa düşülür. Ərəbcə bilənlər bilir ki, ayədəki “gündüzə yaxın vaxtlar” mənasındakı “زُلَفً” kəliməsi cəmdir. Ərəbcədə də cəm ən az üç olur. Bu səbəblə gecə ən az üç dəfə namaz qılınır. Quranda gündüz iki və gecə də üç vaxt göstərildiyinə görə, bütün gün ərzində qılınan namazların sayı 5- dir. Peyğəmbərimiz və səhabə də özlərindən əvvəlki ümmətlərdə gördükəri və Qurandan da öyrəndikləri üzərə gündə 5 vaxt namaz qılırdılar.
Sübh namazı da gecə namazlarına daxildir və günün son namazıdır. Bunu İsra surəsinin 78-ci ayəsindən də başa düşürük:
أَقِمِ الصَّلاَةَ لِدُلُوكِ الشَّمْسِ إِلَى غَسَقِ اللَّيْلِ وَقُرْآنَ الْفَجْرِ إِنَّ قُرْآنَ الْفَجْرِ كَانَ مَشْهُودًا
“Namazı, gün batmağa meyl edəndən gecənin qaranlığınadək (bəlli )(vaxtlarda) və bir də fəcrin topalaşdığı ərəfədə qıl. Fəcrdəki topalaşma gözlə müşahidə edilir.”
Bu ayədən, günün ilk namazının günorta, son namazının da sübh namazı olduğu bilinməkdədir.
Günün iki bölümündə qılınan günorta və ikindi namazlarının vaxtlarını və qılınış qaydasını eyni zamanda peyğəmbərimiz də bilməyənlərə öyrətmişdir. Ancaq peyğəmbərin bunu öyrətməsi namazın vaxtlarının və qılınma qaydasının Quranda olmadığı mənasına gəlməz. (Eyniylə bu günümüzdə olduğu kimi, namaz və qılınış şəkillərinin varlığı, rəkatları İslam aləmində görülməyinə və Quranda olmasına baxmayaraq, bilməyənlər bilənlərdən öyrənməktədir.) Çünki həm Məkkə müşriklərinin həm də yəhudi və xristiyanların çoxunun namaz və qılınma qaydalarından xəbərləri var idi. Əslində öz etibariylə Adəm əleyhissəlamdan son nəbiyə qədər gələn bütün peyğəmbərlərdə dinin əsasları (namazları, rəkatları, şəriətləri) eyni qaynaqdan gəldiyi üçün eyni olmuşdur.[1] Bu səbəblə nə peyğəmbər nə də o cəmiyyətin insanlarının heç biri: “Namaz da nədir: o nə olan şeydir?”-deyə, belə bir sual verməmişdir.
Axşam namazı ilə əlaqədar Bəqərə surəsinin 238-ci ayəsində Allah belə buyurur:
حَافِظُواْ عَلَى الصَّلَوَاتِ والصَّلاَةِ الْوُسْطَى وَقُومُواْ لِلّهِ قَانِتِينَ
“Namazları və orta namazı (axşamı) qoruyun və Allah qarşısında mütiliklə durun.”
Demək olar ki, bir çox təfsirlərdə orta namazın ikindi olduğunu yazarlar. Bu xətanın qaynağı müfəssirlərin ilk namazı sübh namazı saymalarından və gecənin gündüzdən əvvəl gəldiyinə inanmalarındandır. Halbuki Allah Təala gecənin gündüzün arxasından gəldiyini və onun gündüzə çata bilməyəcəyini bildirir.
لَا الشَّمْسُ يَنبَغِي لَهَا أَن تُدْرِكَ الْقَمَرَ وَلَا اللَّيْلُ سَابِقُ النَّهَارِ وَكُلٌّ فِي فَلَكٍ يَسْبَحُونَ
“Güneş aya yaxlaşa bilməz, Gecə isə gündüzü keçə bilmez! Hər biri öz orbitində üzməktədir!” (Yasin 36/40.)
Yuxarıda İsra surəsinin 78-ci ayəsində verdiyimiz namaz vaxtları sıralamasına görə də bunu başa düşmək mümkündür. Ancaq təəssüf ki, ənənəyə uyanlar nə ayələri, nə hədisləri nəzərə almadan gecəni gündüzdən qabağa alaraq, sübh namazını gündüzün ilk namazı olaraq qəbul edirlər. Eyni zamanda matematik bir xəta da edirlər. Fərz namazlarının rəkat sayısı 2-4 arasındadır. 2-4 arasındakı orta rəqəm 3-dür. Demək ki, matematik olaraq da “orta namazı qoruyun”- ifadəsi axşam namazına işarət edir.
Gecə namazı ilə əlaqədar Allah Qurani Kərimdə belə buyurur:
أَقِمِ الصَّلاَةَ لِدُلُوكِ الشَّمْسِ إِلَى غَسَقِ اللَّيْلِ
“Namazı, gün batmağa meyl edəndən gecənin qaranlığınadək…”
“İşa” namazının son vaxtı gecənin ilk üçdə biri keçənə qədər, yəni “Ğasəqə” “Qaranlıq çökənə” qədərdir. Gecənin bu bölümü keçəndə namazın vaxtı da keçər. “işa” adından bəllidir, ərəblər “İşa” kəliməsini qaranlıq qarışana qədər olan vaxt üçün işlədirlər. “İşa” qaranlıqla aydınlığın qarışmasına deyilir.
Qurani Kərim və gələn bütün rəvayətlər də daxil, işa namazının müəyyən bir vaxtı olduğuna, ancaq müsəlmanların son 1 əsrdən çoxdur ki, bu vaxtlara rəayət etmədiyi görülür.
Gecənin 3/1-nin son bölümü səhər vaxtıdır və Günəşin yerin altından 18° dərəcəyə gəldiyi vaxtda girər. Üfqün üst tərəfinə yansıyan aydınlıq insanları aldatdığı üçün ona Fəcri kazib deyilir. Günəşin üfqə yaxınlığı 9° dərəcə olanda üfüqdə üç zolaq: üstdə ağ, ortada qırmızı, altda qara zolaq meydana gəlir ki, buna fəcri sadiq deyilir. Yəni sübh vaxtı girmiş və namaz başlamış sayılır. 0° dərəcədə isə günəş çıxır və namaz vaxtı bitmiş olur. Bunun da ən gözəl tərifini bizə yenə Allah Təala Quranda verməkdədir:
كُلُواْ وَاشْرَبُواْ حَتَّى يَتَبَيَّنَ لَكُمُ الْخَيْطُ الأَبْيَضُ مِنَ الْخَيْطِ الأَسْوَدِ مِنَ الْفَجْرِ
“…(Ortadakı qırmızı) fəcrdən ağ sap qara sapdan fərqlənincəyə qədər yeyib için…” (Bəqərə 187)
Fəcri sadiqdə rənglər ayrılır, qatı qaranlıq yer üzünə çəkilir. Üstdə bəyaz işıq qurşağı, ortada qızıl qurşaq yaxşıca seçilir.
Quranda namaz vaxtları və rəkat sayıları verilməmişdir deyənlər bilməllidirlər ki, Allah ən çətin anlarda milyonda bir insanın başına gələcək hadisədə belə, namazı keçirməməyimizi və necə qılacağımızı Nisə surəsi 101-103 ayələrində ətraflı şəkildə izah edir:
Bütün bu ayələr savaşda belə namazlarını tərk etməmələri, peyğəmbərlə bərabər bir rəkaat belə qılmaları gərəkdiyini ifadə edir. Bir başqa ayədə isə:
“Əgər (nədənsə) qorxsanız, (namazınızı) ayaq üstə və ya minik üzərində (qılın). Təhlükə sovuşduqda isə Allahı, sizə bilmədiklərinizi necə öyrədibsə, o cür yad edin!” (Bəqərə, 2/239.)
Bütün bu ayələr bizə namazın nə qədər əhəmiyyətli bir ibadət olduğunu, vaxtlarına riayət edilməsini və heç bir halda tərk edilməyəcəyini öyrədir.
Qurana uyan Peyğəmbər əleyhissəlamın, səhabənin və 5 məzhəb imamının namaz qılma və vaxtları ilə əlaqədar dediklərini bilmək istəyirsinizsə “tədqiqatlar” bölümümüzdəki bu linkə müraciət edin:
http://www.muselmanlar.com/tedqiqatlar/5930.html
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.
[1] Bəqərə, 2/83. Şura, 42/13.