Sual: Bu yaxınlarda Türkiyədə bir ateizm dərnəyi təsis olundu və fəaliyyətə başladı. Onlar sosial şəbəkələrdə irəli sürdükləri fikirlərdə hal-hazırda müsəlman ölkələrində mövcud olan xurafat və mövhumatı dəlil-sübut gətirirlər. Allahın varlığını inkar edirlər. İnsanların əksəriyyəti də Allahın həqiqi dini barədə məlumatsız və ya az məlumatlı olduqlarına görə həmin ateistlərə maraq duyurlar. Siz bu məsələyə dair nə deyərdiniz?
Cavab: Allah ağlını bu dünyada işlədənlərə o biri dünyada Cənnət verəcək. İşlətməyənlər isə həmişə nəsə tapıb deyəcəklər. İnsanlar istər xurafatçıların ardınca getsinlər, istərsə də ateistlərin yolunu tutsunlar, arada bir fərq yoxdur! Çünki ateistlər öz nəfslərini, xurafat və mövhumatçılar isə bu və ya digər şeyx və ya təriqət başçısını ilahlaşdırırlar!
Allah isə öz ağlını işlədən və həqiqətlərin tərəfdarı olmaq istəyənlərə həmişə doğru yolu göstərir. Elə isə olsun, hamı öz istədiyini desin.
Allah Ali-İmran surəsinin 186-cı ayəsində belə buyurur:
“Siz hökmən malınız və canınızla ağır sınaqdan keçiriləcəksiniz. Sizdən əvvəl Kitab verilənlərdən və müşriklərdən bir çox əziyyət verən sözlər eşidəcəksiniz. Əgər səbr edib Allahdan qorxsanız, bilin ki, bu, əzm istəyən (möhkəm durmağı tələb edən) əməllərdəndir.”
Kafir və müşriklərin əsas xüsusiyyətlərindən biri də yalan danışmaqdır. Belə olan halda yalan danışana nə edə bilərik? Heç nə, qoy, desin. Necə olsa, haqq-hesabı Allaha verəcək. Burada ən böyük çətinlik bundadır ki, bəzi şəxslər özlərini Allah hesab edirlər. Sanki haqq-hesabı elə özlərinə verəcəklər!
Bu cür təbliğatlardan bizə nə?! Bizim borcumuz tərəf-müqabilə dini-dünyəvi həqiqətləri çatdırmaq və keçib getməkdir. İstər qəbul etsin, istərsə də etməsin.
Nəticə olaraq, yuxarıdakı ayədə də qeyd edildiyi kimi, bu cür insanlardan mütləq surətdə çoxlu ürək sıxan sözlər eşidəcəyik. Bu, qaçılmaz bir haldır.
Əgər səbr edib Allahdan qorxsanız, bilin ki, bu, əzm istəyən (möhkəm durmağı tələb edən) əməllərdəndir. Əks halda, özünüzü məhv etmiş olarsınız.
Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))
QEYD: Bu sual saytımıza Türkiyədən daxil olub.
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.