Sual: Dünya və axirət (bu və o dünyalar) üçün çalışıb vuruşmaq məsələsində əsas meyar nədir? Haqq-hesab günü Allah bizdən evimizi, təhsilimizi, övladlarımızı və mal-dövlətimizi soruşmayacağına görə bu kimi şeylər həmişə 2-ci planda olmalıdır?
Cavab: Allah bunları bizdən nə üçün soruşmasın? Əlbəttə ki, biz bu sadaladıqlarınızdan haqq-hesaba çəkiləcəyik. Çünki gördüyümüz hər bir iş Allahın əmr və qadağalarına müvafiq olmalıdır.
Sualınızın cavabı Qurandadır. Nisa surəsinin 31-ci ayəsinə birlikdə nəzər yetirək:
“Sizə qadağan olunmuş böyük günahlardan çəkinsəniz, Biz sizin təqsirlərinizdən keçər və sizi şərəfli bir mövqeyə gətirərik.”
Elə isə ilahi imtahanda müvəffəq olmaq üçün Allah Təalanın qadağan etdiyi böyük günahlardan çəkinmək məsələsinə maksimum dərəcədə fikir vermək lazımdır. Təbii ki, digər günahlardan da uzaq durmaq lazımdır. Lakin bunlara xüsusi fikir vermək lazımdır.
Odur ki, insan axirətə getdiyi vaxt əgər böyük günah (içki, zina, faiz, qəsdən adam öldürmək, yalan danışmaq və sairə) törətməyibsə, haqq-hesaba ehtiyac olmadan birbaşa Cənnətə gedər. Çünki Allah yuxarıdakı ayədə digər təqsirlərin üstünü örtüb onlardan keçəcəyini vəd etmişdir.
Bəzən soruşurlar: Axı mən böyük günah etmişəm, indi nə edim? Əlbəttə ki, tövbə etməlisən. Əgər bunda qətiyyətli olsan, Allah o günahı da bağışlayıb üstünü örtər. Hətta sənin günahını savaba da çevirər. Rəsulullahın (s. a. v.) əshabı da şirk günahından çıxıb İslamı qəbul etdilər. Allah o günahdan onları məsul hesab etməyəcəkdir. Bütün bunlar Quranda bildirilən hökmlərdir.
Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.