Müsəlmanlar

Xəstələr necə dəstəmaz alırlar, yaxud nə cür almalıdırlar?

Sual: Mən qohum evliliyi nəticəsində yaranan genetik bir xəstəlik ucbatından 14 yaşımdan etibarən yeriyə bilmirəm. Bədənimin boynumdan aşağı hissəsini hərəkət etdirə bilmirəm. Mənim üçün bir şey yemək, su içmək, ümumiyyətlə hər şey başqaları tərəfindən və texniki avadanlıqlar vasitəsilə yerinə yetirilir. Bədənim və paltarlarım təmizdir. Lakin mənim dəstəmaz almağa imkanım yoxdur. Təyəmmüm də edə bilmirəm. Bəs mən nə etməliyəm?

Cavab: Allah Qurani-Kərimdə belə buyurur:

Allah heç kimə onun gücünün çatdığından artıq bir şey yükləmir (Bəqərə, 2/286).

Allah dinin buyurduğu məsələlərdə insanlara heç bir çətinlik yaratmayıb. O, bu barədə belə deyir:

Allah sizi çətinliyə salmaq istəmir, lakin O, sizi arındırmaq (pak və təmiz etmək) və sizə verdiyi nemətini tamamlamaq istəyir. Bəlkə, şükr edəsiniz (Maidə, 5/6).

(Allah) sizə din barəsində heç bir çətinlik yükləməyib (Həcc, 22/78).

Kora babal yoxdur, topala babal yoxdur, xəstəyə də babal yoxdur (onlara günah gəlməz) (Fəth, 48/17).

Siz ancaq əlinizdən gələn və edə bildiyiniz şeylərdən məsulsunuz. Sizə xəstəlik verən də, əmr verən də Allahdır. Buna görə də gücünüz nəyə çatırsa, onu yerinə yetirməklə məsulsunuz. Elə siz belə etməlisiniz:

1) Yanınızda sizə kömək edən bir nəfər olduğu vaxt sizə dəstəmaz aldırar və namazınızı belə qıla bilərsiniz.

2) Kömək edən yoxdursa və əgər siz üzünüzü yuya bilirsinizsə, ancaq üzünüzü yuyub namazınızı qıla bilərsiniz.

3) Əgər bunları edə bilmirsinizsə, qabağınıza qoyulmuş bir qədər torpağa ancaq üzünüzü sürtməklə təyəmmüm edə bilərsiniz.

4) Əgər bunu da edə bilmirsinizsə, təyəmmüm də etmədən namaz qıla bilərsiniz.

Qeyd edək ki, Böyük İslam Elmihalı kitabında bu barədə belə deyilir:

“Əli şikəst olub sudan istifadə edə bilməyən insan ona kömək edən yoxdursa, üzünü və qollarını yerə sürtməklə təyəmmüm edə bilər. Əlləri və qolları kəsilən şəxs isə ancaq üzünü yerə sürtməklə təyəmmüm edər. Üzündə yara varsa, təyəmmüm etmədən namaz qıla bilər”. ((Ömər Nasuhi Bilmən, Böyük İslam Elmihalı, İstanbul, 1986, s. 91, 208-ci paraqraf.))

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.