Müsəlmanlar
Vəkil sözünü insanlar haqqında işlətmək düzdür?

Vəkil sözünü insanlar haqqında işlətmək düzdür?

Sual: Allah Quranda peyğəmbərə: “Sən onlara vəkil deyilsən!”, - demişdir. Ancaq biz hal-hazırkı dövrdə vəkil sözünü insanlarla əlaqədar olaraq da işlədirik. Misal üçün, vəkil (avdokat), millət vəkili (deputat) və sairə. Bu nə dərəcədə düzdür?

Cavab: Hər şeydən əvvəl deməliyəm ki, bu sual gözəl bir sualdır. Çünki insanlar bunu bilməlidirlər.

Bəli, Quranda belə bir ayə var:

“Sən onlara vəkil (onların vəkili) deyilsən!” (Ənam, 6/107)

Burada nəzərdə tutulan budur: Ey peyğəmbər, sən onlar üçün Allahın vəkili deyilsən. Sən Allahın elçisisən. Vəkil olsaydın, Allahı təmsil edərdin, Onun nümayəndəsi olardın.

Təriqətlərə nəzər saldıqda görürük ki, onlar bu sözü öz şeyxləri üçün işlədirlər. Sanki o şeyxlər Allahın bütün səlahiyyətlərinə malik bir xəlifədirlər. Quranda xəlifə sözü də var. ((Baxın: Bəqərə, 2/30.)) Onlar bu sözü də təəssüf ki, öz istəklərinə müvafiq formada şərh edirlər.

Həzrəti Muhəmməd Mədinədən Məkkəyə, yaxud da başqa bir yerə getdiyi vaxt öz yerinə bir nəfəri xəlifə-vəkil təyin edirdi. Özü Mədinəyə qayıdan kimi təyin etdiyi xəlifənin vəzifəsi başa çatırdı.

Peyğəmbər vəfat etdikdən sonra İslam dövlətinin başçısı kimi bir xəlifə seçildi. Elə isə bir nəfərin başqa bir şəxsin xəlifəsi olmağı üçün ya 1-ci şəxs vəfat etmiş olmalıdır, ya da o yeri bir müddətə tərk etməlidir. Allah isə Diridir, Həyydir. Odur ki, heç kəs onun xəlifəsi deyil.

Əgər diqqət yetirmisinizsə, təriqətlərdə vəkil sözü çox böyük əhəmiyyət kəsb edir. Onlar Allah nəyi qadağan edibsə, ona yönəliblər. Nəyi qadağan etməyibsə, ondan uzaqlaşıblar.

Bir sözlə, qeyd etdiyiniz ayədə Allah peyğəmbərə: “Sən mənim vəkilim deyilsən!”, – deyir. Biz səni onlar üçün mühafizəçi də təyin etmədik. Sən sadəcə olaraq rəsulsan, elçisən.

Vəkil (advokat) və millət vəkili (deputat) məsələsində problem yoxdur. Çünki onlar Allahın deyil, insanların vəkilidirlər. Onları vəkil təyin edən bir müvəkkil var. Ki, bu da insanlardır. Vəkil məhkəmə prosesində onu vəkil təyin edən şəxsi – müvəkkili təmsil edir. Allahı təmsil etmir ki! Millət vəkili də xalqı təmsil edir, xalqın nümayəndəsidir. Bunda bir eyib yoxdur.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.