Müsəlmanlar
Yuşa adlı bir peyğəmbər olub?

Yuşa adlı bir peyğəmbər olub?

Sual: Quranda Yuşa peyğəmbərin adı çəkilmir. Həqiqətən də, Yuşa adlı bir peyğəmbər olub, yoxsa yox?

Cavab: Yuşa əleyhissəlamın İsrail oğullarına göndərilən nəbilərdən biri olduğu qəbul edilir. Belə qəbul olunur ki, İsrail oğulları Firondan xilas olduqdan sonra Kənan diyarına getdikdə Yuşa Musa əleyhissəlamla birlikdə idi. Əlavə olaraq, Quranın Maidə surəsinin 23-cü ayəsində qeyd edilən 2 nəfərdən biri odur; Kəhf surəsinin 60-cı ayəsində Musanın cavan köməkçisi kimi qeyd olunan şəxsin də o olduğu qəbul edilir.

Quranda adı qeyd olunmayan Yuşa haqqındakı məlumatlar ümumiyyətlə Tövrata əsaslanır. ((Baxın: Tövrat, Saylar, 13/8; Təsniyə, 32/44; Çıxış, 33/11.)) Tövratda ondan Musanın yanında olan və Musa vəfat edəndən sonra İsrail oğullarını onlara vəd olunan torpaqlara daxil edən şəxs kimi bəhs olunur.

Dəqiq bir şey demək çətin olsa da, Yuşanın nəbi (peyğəmbər) olmaq ehtimalı var. Əgər nəbi deyilsə belə, heç olmasa, Musa əleyhissəlama iman gətirmiş əməli-saleh bir şəxsdir.

Bu barədə ətraflı məlumat üçün aşağıdakı mənbəyə baxın:

Ömer Faruk Harman, “Yûşa”, Türkiyə diyanət vəqfinin nəşr etdirdiyi İslam ensiklopediyası, 44-cü cild, s. 43-45. ((Bu mənbə BDU-nun İlahiyyat fakültəsinin kitabxanasında və AMEA-nın mərkəzi elmi kitabxanasının şərq zalında mövcuddur.))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.