Müsəlmanlar
Quran 29/45-dəki “ən böyük zikr”lə nə nəzərdə tutulur?

Quran 29/45-dəki “ən böyük zikr”lə nə nəzərdə tutulur?

Sual: Ənkəbut surəsinin 45-ci ayəsindəki “zikrullah” ifadəsi nəyi bildirir? Buradakı zikr sözü Qurandır, yoxsa Allahı zikr etmək deməkdir? Bu necə zikrdir? Namazdan da böyükdür?

Cavab: Bəli, ənənəvi Quran anlayışına əsasən bu ayəyə məna vermək bir qədər “çətin”dir. Gəlin, bu ayəni diqqətlə oxuyaq:

اتْلُ مَا أُوحِيَ إِلَيْكَ مِنَ الْكِتَابِ وَأَقِمِ الصَّلَاةَ ۖ إِنَّ الصَّلَاةَ تَنْهَىٰ عَنِ الْفَحْشَاءِ وَالْمُنْكَرِ ۗ وَلَذِكْرُ اللَّهِ أَكْبَرُ ۗ وَاللَّهُ يَعْلَمُ مَا تَصْنَعُونَ

İndi isə bu ayəni düzgün anlamağa çalışaq:

– Kitabdan sənə vəhy edilənə tabe ol. ((Ərəb dilində tilavət etmək təkcə oxumaq demək deyil. Eyni zamanda tabe olmaq, bir şeyin yolundan getmək deməkdir. Müqayisə üçün baxın: Şəms, 91/2.))

– Namazı da tam qıl.

Namaz nə üçün qılınır? Təbii ki, Allahı zikr etmək üçün. Musa əleyhissəlama da belə bir əmr verilib. ((Baxın: Taha, 20/14.)) Buradakı zikrlə Allahın əmr və qadağalarını öyrənib dərk etmək də nəzərdə tutulur. Namaz əslində Quran təhsili ilə əlaqədar bir vaxt deməkdir.

“Namazı tam qıl” əmri eyni zamanda bunu nəzərdə turur: Oxunan ayələrini mənasını bilmək.

– Şübhəsiz ki, namaz insanı pis əməl və həyasızlıqlardan uzaqlaşdırır. Əgər insan oxuduğu ayənin mənasını bilməsə, o namaz onu pis əməllərdən uzaqlaşdırarmı? Təbii ki, xeyr. Elə isə namaz bir Quran təlim-tərbiyəsidir və insan bununla Quran və ümumilikdə dinə dair biliklərini artırır. Nəticədə də özünü pis əməllərdən uzaq saxlaya bilir.

– Şübhəsiz ki, Allahın zikridir ən böyük olan! İnsanı bəd əməl və həyasızlıqlardan uzaqlaşdıran əsl ünsür Allahın kitabıdır, Zikrdir. Bunu belə başa düşmək lazımdır: Namaz Kitabını yerinə keçmir, əslində o, o Kitabı öyrənmək üçündür. Bunlar bir-biri ilə sıx formada əlaqədardır. Əsl hədəf Kitabı öyrənib dərk etməkdir. Namazda əsas məsələ o Zikrdir. Əsl məsələ oxunan ayələri başa düşüb həyat(ınız)a keçirməkdir. Təbii ki, bu, eyni zamanda Qurani-Kərimdir.

– Allah sizin nə etdiyinizi bilir. Yəni, namazda oxunan da zikrullahdır. ((Quranda namazla əlaqədar olan bir çox ayədə “uzkurullahə” ifadəsi işlənir. Baxın: Ali-İmran, 3/191.)) “Allahın kitabını zikr edin” belə bir məna da verir: Allahın kitabını dərk edin.

Nəticə olaraq, ən böyük olan Allahın zikridir. İnsanı pis əməllər və həyasızlıqlardan çəkindirən də odur. Deməli, bütün diqqəti Allahın kitabına yönəltmək lazımdır. Bəli, namazı da bu məqsədlə qılırıq. Bununla belə, eyni məqsəd üçün bütün gün cidd-cəhdlə davam etməliyik.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.