Müsəlmanlar

“Vəhdəti-vücud” nə deməkdir?

Sual: “Vəhdəti-vücud” nə deməkdir? Bu əqidəyə yiyələnməyin bir zərəri varmı?

Cavab: Vəhdəti-vücud “varlığın birliyi” və “varlıqda birlik” mənasında bir təsəvvuf terminidir. Bu cəhətdən Tanrı-aləm-insan əlaqələrini izah edən düşüncə sistemidir. Bu düşüncə Muhyiddin İbn Ərəbi tərəfindən sistemləşdirilmişdir. Bunu İbn Ərəbinin deyil, tələbələrinin sistem halına gətirdiyini deyənlər də olmuşdur.

Vəhdəti-vücud təlimi Allahın varlığının zəruriliyi prinsipinə əsaslanır və varlığın “mümkün” və “vacib” olduğuna dair ayırıma qarşı bir nəzəriyyədir. Belə ki, İbn Ərəbinin: “Varlıq birdir, o da Həqqin varlığıdır”, – sözü bunu göstərir. Ümumiyyətlə vəhdəti-vücud Allahın tək varlıq olduğunu, kainatın Allahın görünən forması və əksi, Allahın isə kainatın əsli olduğunu ifadə edən düşüncədir. ((Əlavə məlumat üçün bax: Ekrem Demirli, “Vəhdəti vücud”, Diyanət İslam ensiklopediyası, 42-ci cild, s. 431 və davamı; Ahmet Özalp, “ Vəhdəti vücud”, Şamil İslam ensiklopediyası, 8-ci cild, s. 166 və davamı. Bu mənbə BDU-nun İlahiyyat fakültəsinin kitabxanasında və AMEA-nın mərkəzi elmi kitabxanasının şərq zalında mövcuddur.))

Vəhdəti-vücud əqidəsində tək varlıq olaraq Allah qəbul edilir, bunun xaricindəki varlıqlar isə Allahın təzahür  və təcəllisi hesab edilir. Lakin Allah Təala yaratdığı hər şeyi ayrıhəqiqi varlıqlar olaraq yaratdığını bildirmişdir. Necə ki, bir çox ayədə “Göylərdə və yerdə nə varsa hamısı Onundur…” ((Bəqərə, 2/255, 284; Nisa, 4/131; Yunus, 10/155; Loğman, 31/26.)) buyuraraq bunların hamısının həqiqi və ayrı bir varlıq olduğunu ifadə etmişdir. Bizim varlığımız da həqiqi bir varlıqdır. Bu məsələ ilə əlaqədar bir çox ayədən bir neçəsi belədir:

“Məgər onlar özlüyündə Allah göyləri, yeri və onların arasındakıları ancaq bir həqiqət kimi və müəyyən müddət üçün yaratdığını fikirləşmirlərmi? Əslində insanların çoxu Rəbbi ilə qarşılaşacağını inkar edir.” (Rum, 30/8)

“Allah göyləri və yeri bir həqiqət olaraq yaratmışdır ki, hər kəs qazandığının əvəzini alsın. Onlara heç bir haqsızlıq edilməyəcəkdir.” (Casiyə, 45/22)

Eyni zamanda O, bizə doğru yolu göstərmək üçün yaratdığı şeylərdə işarələr qoymuşdur. Bir ayədə belə buyrulmuşdur:

“Biz yaxında dəlillərimizi hər yerdə olduğu kimi, onların öz üzərində də göstərəcəyik. Artıq Quranın doğru olduğu onlar tərəfindən də başa düşülsün deyə. Məgər Rəbbinin hər şeyə şahid olması kifayət deyil?” (Fussilət, 41/53)

Ətrafımıza baxanda əlbəttə Allahın varlığını, birliyini, qüdrətini qavrayırıq; amma onları Allahın bir hissəsi və ya bilavasitə Özü olaraq görmək səhvdir.

Nəticə olaraq, vəhdəti-vücud deyilən və insanı Allahın bir hissəsi hesab edən əqidə heç bir vəchlə qəbul edilə bilməz.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.