Sual: Bir kafir müsəlman olduğu vaxt günahları təmizlənir. Əgər bəndələrin haqq-hüququnu tapdayıbsa, necə? Bu günahları da bağışlanır, yoxsa yox? Mütləq gedib haqqını tapdadığı insanlardan halallıq almalıdır?
Cavab: Allah o insanın ancaq və ancaq Allaha qarşı günahlarını bağışlayar. Bəndə haqqı isə bağışlanmır. Bir sözlə bu məsələyə dair günahları silinmir.
Bəzi nadanlar elə hesab edirlər ki, Həccə getdikdə günahlar sıfırlanır. Getməmişdən qabaq hər növ fırıldaqçılıqla məşğul olurlar, sonra da Həccə gedib guya günahlarını təmizləyirlər!
Belə bir şey yoxdur! Həccə və ya ömrəyə getməklə günahlar təmizlənmir! Sən burada millətin haqq-hüququnu ye, sonra da öz ağlına görə günah təmizlə! Belə bir şey yoxdur.
Sizə bir hadisəni danışım. Bir gün bir idarədə işləyən bir şəxs bir nəfərdən rüşvət alıb. Vaxt ötüb, zaman keçib. Sonra rüşvət alan adam məscidə gedib və camaatdan belə bir xahiş edib:
“Mənə haqqınızı halal edin, Həccə gedirəm.”
Camaatın arasından vaxtilə o adama rüşvət verməyə məcbur qalmış adam çıxıb və belə deyib:
“Nə halallıq a kişi? Sən ki, məndən rüşvət aldın! Mən öz haqqımı sənə halal etmirəm!”
Bütün bunlarla demək istəyirəm ki, bəndə haqqı məsələsində mütləq halallaşmaq lazımdır. Bu iş eləcə müftə-müsəlləh ola bilməz!
Əgər haqqını tapdadığın insan(lar)a əlin çatmırsa, o haqqı ehtiyacı olan bir kasıba verməlisən. Əgər buna da imkanın yoxdursa, bu vaxt Allaha yalvar-yaxar edib bağışlanmağını diləməlisən. Əgər Allah sənin tövbə-istiğfar və duanı qəbul etsə, axirətdə o adamını da haqqını verəcəkdir.
Bu sualı da soruşurlar: Halallıq almaq təkcə sözlə olmalıdır?
Xeyr, təkcə sözlə olmaz. Bir nəfərin cibindən icazə almadan pulunu çəkib sonra da: “Haqqını mənə halal et”, – demək olmaz. Bunun da öz qayda-qanunu var.
Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.