Müsəlmanlar
Teizm nə deməkdir?

Teizm nə deməkdir?

Sual: Teizm sözünün mənası nədir? Bundan 2 gün qabaq bir dostumla söhbət edirdim. Mənə dedi ki, teist və müsəlmanam. Mən bu sözün mənasını bilmirdim. Utandığım üçün soruşmadım da. Təkcə müsəlman hissəsini başa düşdüm. Xahiş edirəm, aydınlıq gətirəsiniz bu məsələyə.

Cavab: Teizm Yunan dilində ilah (tanrı) mənasını daşıyan teos (Θεός) sözündən törəyib. Mənası ilahçılıq, tanrıçılıq deməkdir. Teizm bir tanrı təsəvvür və anlayışıdır. Bu anlayışa əsasən heç olmasa, 1 tanrı mövcuddur və bu tanrı kainatla mütəmadi olaraq əlaqədədir.

Qeyd edək ki, bəzən teizm və monoteizm anlayışları bir-biri ilə qarışdırılır və ya eyniləşdirilir. Lakin monoteizm tək tanrıçılıq deməkdir.

Burada mühüm bir məqam da var: “Mən teistəm” və “Mən monoteistəm” demək: “Mən müsəlmanam” deməklə eyni şey deyil. Çünki müsəlman olmaq İslam dininin ortaya qoyduğu iman əsaslarına inanmaq və bu dinin əmr etdiyi əməlləri yerinə yetirmək, eləcə də, qadağalarından uzaq durmaq deməkdir. Müsəlmanlıq İslam dininə mənsub olmaq, ona sadiq olmaq deməkdir. Teist və ya monoteist olmaq isə ümumi qənaətlərdir.

Bunlardan fərqli olan tanrı təsəvvürləri də var. Misal üçün, panteizm, panenteizm, deizm, politeizm, henoteizm, monolatrizm və sairə kimi. Bunların heç biri müsəlmanlığa bərabər bir anlayış deyildir.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.