Sual: Bizim rayonumuzda (Hacıqabul) Rus qəbristanlığı adlandırılan bir yer var. Orada təkcə Ruslar deyil, başqa xristian xalqların nümayəndələri də dəfn olunub. Hətta bir neçə Erməni qəbri də var. Bunu qəbirlərdək yazılardan açıq-aydın başa düşmək olur. Qəbristanlığın yaxınlığında isə evlərimiz var. Bəzi qonşularımız qoyun və keçi kimi heyvanlarını qəbristanlığa buraxırlar. Heyvanlar orada otlayır. Təəssüf ki, bəzi adamlar qəbirləri təhqir də edirlər. Deyirlər ki, bunlar müsəlman deyil. Qəbirlərdəki metal boruları çıxardıb öz çəpərlərinə taxırlar. Bu və buna oxşar hərəkətlər İslam dini baxımından nə cür qiymətləndirilir?
Cavab: Sualınızda qeyd etdiyiniz hərəkətlərin hamısı İslama əsasən qəti surətdə qadağandır. Bir insan (xüsusilə də müsəlmanlar) belə hallara yol verməməli, bu cür davrananları da xəbərdar edib mənfi halların qarşısını almalıdır.
Çünki ölülər din və milliyətindən asılı olmayaraq toxunulmazdır. Eynilə dirilər kimi. Odur ki, qəbirləri təhqir etmək, qəbristanlığı yol halına gətirmək, orada mal-qara otarmaq, qəbir daşları və sairə materiallarını sökmək, eləcə də, qəbirlərin üstünə çıxmaq olmaz.
Peyğəmbərimiz həzrəti Muhəmməd (s. a. v.) bütün bunları qadağan edib. Rəvayətə görə, o, bir gün bir nəfərin bir qəbrin üstünə ayağını basdığını gördükdə belə deyib:
“Sizin aranızdan bir nəfərin yanan kömürün üstündə oturmağı və odun onun paltarını yandırıb dərisinə keçməyi bu qəbrin üstündə oturmağından daha yaxşıdır.” ((Əbu Davud, 3228.))
Qısa desək, müsəlman insan öz əli və dili ilə başqalarına zərər verməyən insandır. Ona görə də bu kimi hərəkətlərin heç biri ona yaraşmaz və qətiyyən düzgün deyil.
Siz də sualınızda bəhs etdiyiniz şəxsləri münasib bir dillə xəbərdar etməli, əsl məsələni onlara izah etməlisiniz. Əlavə olaraq, bu hallar qanuni baxımdan da qadağandır.
Burada mühüm bir məqam da var: Bizim ölkəmiz dini tolerantlıq baxımından dünyanın ən qabaqcıl ölkələrindən biridir. Tarixə baxdıqda görürük ki, bizim cəmiyyətimizdə bütün dinlərin və müxtəlif xalqların nümayəndələri həmişə sülh, əmin-amanlıq və qarşlııqlı yardımlaşma şəraitində yaşayıblar. Bir sözlə, bu cür mənfi hallara yol vermək bizim mədəniyyətimizə də yaddır.
http://www.muselmanlar.com/fitvalar/qeyri-muselmanlar
http://www.muselmanlar.com/fitvalar/qebristan-qebir-ziyareti
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.