Sual: Aybaşı (heyz, menstruasiya) halında olan qadının orucunun pozulduğunu deyirlər. Bunu deyənlərin dəlil-sübutu nədir? Əgər belədirsə, orucu batil edən faktor xəstəlikdir, yoxsa qadının o vəziyyətdə təmiz olmamağı? Əgər burada söhbət təmizlikdən gedirsə, belə bir sual yarana bilər: Eyni hadisə yuxuda olan kişinin başına gəlsə, misal üçün, gündüz vaxtı yatan və ehtilam olan bir kişinin orucu pozulurmu? Birinci fikri irəli sürənlər eyni məntiqlə bunu da deyirlər?
Cavab: Əgər bu məsələdə təmizlik şərti olsaydı, insan ayaqyolundan qayıtdıqda da təmiz olmazdı… Odur ki, belə bir şeydən söhbət gedə bilməz. Oruc tutmaq üçün qüsllü olmaq şərti də yoxdur.
Sizin sualda qeyd etdiklərinizi deyənlər belə də deyirlər: Günəşin batmağına 1-2 saniyə qalmış aybaşı görən oruclu qadının orucu pozulur. Halbuki onların heç bir dəlil-sübut və əsasları yoxdur. Bu məsələdə guya icma olduğunu irəli sürürlər. Məgər Allah Təala: “Bu gün Mən sizin dininizi tamamladım (tamam-kamal etdim)”, – demirmi? (Maidə, 5/3) Din peyğəmbərimizin (s. a. v.) sağlığında tamamlanıb. Elə isə onlar bu dində hansı çatışmazlığı icma vasitəsilə tamamlamaq istəyirlər? Tamam-kamal olan bir şeyə nəsə əlavə etmək olarmı? Məgər Allah: “Diliniz (bizə belə əmr edildiyi deyə) yalana vərdiş etdiyi üçün (dəlilsiz-sübutsuz): “Bu halaldır, o haramdır!” – deməyin, çünki (bununla) Allaha iftira yaxmış olursunuz. Allaha iftira yaxanlar (axirət əzabından) nicat tapmazlar!”, – demirmi? (Nəhl, 16/116)
Qadına deyirlər ki, aybaşı halında oruc tuta bilməzsən; haramdır. Bu sözün heç bir əsli-astarı yoxdur.
Verdiyiniz sualın əsaslı cavabını bu video dərsimizdə görə bilərsiz:
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.