Müsəlmanlar

Orucluqda nəzir qurbanı kəsmək olar?

Sual: Ramazan ayında nəzir qurbanı demək və onu kəsmək olar? Bəs qabaqcadan deyilən nəzir qurbanlarını necə? Mənim bir nəzir qurbanım var. Onu indi – oruc ayında kəsə bilərəm?

Cavab: Nəzir ibadətdir. Təəssüf ki, nəzir sözü bizdə səhv işlədilir. İnsanlar elə güman edirlər ki, nəzir hansısa dilənçiyə, yaxud da seyyid və ya pirə nəsə verməkdən ibarətdir. Əslində isə belə deyil. Nəzir Allahın razılığını qazanmaq məqsədilə insanın özünə könüllü olaraq bir öhdəlik götürməyidir. Bir sözlə, ibadətdir və Allahın dininə müvafiq məsələlərə dair olmalıdır. Yəni, misal üçün, “Filankəsin başına pis bir iş gəlsin, aparıb filan ocağa nəzir verəcəyəm”, – demək İslam dininə əsasən hər cəhətdən qəbuledilməz və qadağandır. Nəzir, Allah rizasını qazanmaq üçün edilir.

Nəzir qurbanı da bu ibadətlərdən biridir. İstər Ramazan ayından əvvəl deyilmiş olsun, istərsə Ramazan ayının içində, bu ayda nəzir qurbanı kəsmək olar. Qurbanlıq heyvanı kəsdikdən sonra ətini qurbanın verilməli olduğu şəxslərə paylamaq, onları sevindirmək, beləliklə, iftar süfrələrini zənginləşdirmək savab əməllərdəndir. Siz də qurbanınızı kəsib bu cür hərəkət edə bilərsiniz.

Burada mühüm bir məqam da var: Bəzi insanlarımız elə hesab edirlər ki, Ramazan ayında mütləq qurban kəsmək lazımdır. Xeyr, belə bir şərt yoxdur. Bu hökm tamamilə nəzir və şükür qurbanları ilə əlaqədardır. Şükür qurbanını da Ramazan ayında kəsmək olar.

QEYD: Sualınızla əlaqədar olaraq aşağıdakı cavabları da nəzərdən keçirin:

Nəzir qurbanı

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.