Müsəlmanlar

İslam dinində saqqal saxlamaq barədə nə deyilir?

Sual: Mənim saqqal saxlamaq məsələsinə dair bəzi tərəddüdlərim var. Saqqal saxlamağın fərz və vacib olması haqqında fikirlər səsləndirilir. Bir hədisdə bildirilir ki, İranlı atəşpərəstlər peyğəmbərin yanında olanda o, onlardan nəyə görə bığlarının uzun, saqqallarının qısa olduğunu soruşmuş, onlar da müqabilində: “Bizim rəbbimiz belə əmr edir”, - deyə cavab vermişlər. Onlar da öz növbələrində peyğəmbərdən: “Sənin niyə bığın qısa, saqqalınsa uzundur?”, - deyə soruşduqları vaxt Allahın elçisi onlara: ”Mənim də rəbbim belə əmr edir”, - deyib. Peyğəmbərin rəbbi Allahdır. Belə olan halda, saqqal saxlamaq Allahın hökmüdür?

Cavab: Allahın elçisi Məhəmməd peyğəmbərdən bu məsələ ilə əlaqədar olaraq nəql edilən hədis rəvayətləri belədir:

İbn Ömər (r. a.) deyir: “Rəsulullah buyurdu ki, bığlarınızı qırxın, saqqallarınızı isə sərbəst buraxın”.

Səhiheynin (Səhihi-Buxari və Səhihi-Müslim) bir rəvayətində belə deyilir: “Bu əməllər fitrətdəndir: Qasıqların qırxılıb təmizlənməsi, dırnaqların kəsilməsi və bığların qırxılması”.

Başqa bir rəvayətdə isə: “Müşriklərə qarşı müxalif olun, saqqallarınızı uzadın və bığlarınızı kəsin”, – deyə buyurulur.

Həzrəti Aişə (r. a.) nəql edir:

“Rəsulullah buyurdu ki, bu on şey fitrətdəndir: Bığı kəsmək, saqqal saxlamaq, misvak, istinsak (buruna su çəkmək), məzməzə (ağıza su çəkmək), dırnaqları kəsmək, barmaq aralarını yumaq, qoltuq altını yolmaq, qasığı qırxmaq, istinca etmək”.

Bu hədislərə əsasən alimlərin bəziləri saqqal saxlamağı vacib hesab edirlər. Bəzi alimlər də belə hesab edirlər ki, peyğəmbərimiz Muhəmməd (s. a. v.) hamının saqqal saxladığı və saqqalla bığın bir-birinə qarışdığı Ərəb cəmiyyətini bu barədə necə deyərlər, nizamlamaq istəyib. Belə düşünən alimlərin fikrincə bu, dindən deyil, adət-ənənədən irəli gəlir.

Hər iki qrupa daxil olan alimlərin haqlı dəlilləri olduğuna görə peyğəmbərimizin özünün saqqal saxlamasını nəzərə alıb saqqal saxlamağın sünnə (müstəhəb) olduğunu demək də olar. Siz isə hədislərə baxın və öz seçiminizi edin.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.