Müsəlmanlar
Cümə namazından sonra başqa namaz qılmaq lazımdır?

Cümə namazından sonra başqa namaz qılmaq lazımdır?

Sual: Cümə namazının fərzini (vacib) qıldıqdan sonra daha nə qədər namaz qılmalıyıq? Peyğəmbərimiz bunu necə edirdi?

Cavab: Allah Təala belə buyurur:

“Namaz qurtaran kimi yer üzünə dağılın və Allahın lütfündən ruzi istəyin”. (Cümə, 62/10)

Əbu Musa Əl-Əşarinin oğlu Əbu Bürdə rəvayət edir ki, Ömərin oğlu Abdulla məndən belə bir sual soruşdu:

“Sənin atan heç peyğəmbərdən (s. a. v.) cümə namazının vaxtı ilə əlaqədar bir şey rəvayət edib?”.

Mən də cavabında:

“Peyğəmbər cümə namazı vaxtının pişnamazın (minbərdə) oturduğu vaxtdan namazın qurtarmasına qədər olan vaxt olduğunu buyurub” – dedim.

İki rükətlik cümə namazı qılınandan sonra dərhal dağılışmaq lazımdır. Yuxarıdakı ayə məhz bunu əmr edir.

Abdulla ibn Ömər belə dedi:

“Peyğəmbər əleyhissəlam cümə namazından sonra məsciddən çıxana qədər namaz qılmırdı, çıxıb gedəndən sonra öz evində iki rükət qılırdı”.

Abdulla ibn Ömər bir cümə günü elə olduğu yerdə iki rükət namaz qılan bir adam gördü və onu dümsükləyib dedi:

“Cümə namazını dörd rükət qılmaq istəyirsən?”.

Abdulla özü evində iki rükət namaz qılıb belə deyərdi:

“Rəsulullah (s. a. v.) belə qılardı”.

Əta Abdulla ibn Ömər haqqında aşağıdakıları demişdir:

“O, cümə namazını Məkkədə qılanda irəli keçib iki rükət, sonra lap qabağa gedib dörd rükət namaz qılırdı. Mədinədə olanda isə cümə namazının fərzini qılıb evinə gedirdi. Evində də iki rükət namaz qılırdı. Məsciddə qalmırdı və beləliklə, peyğəmbərin də belə etdiyini deyirdi”.
Nafinin də belə dediyinə dair bir rəvayət vardır:

”Ömər cümə namazından əvvəl namazı uzadır, sonra isə öz evində iki rükət qılır və deyirdi”:

“Rəsulullah (s. a. v.) da belə edərdi”.

Əbu Hüreyrəyə gəlincə o, peyğəmbərin (s. a. v.) belə buyurduğunu bildirib:

“Bir şəxs cümə namazından sonra dörd rükət namaz qılsın.
Cümə namazından sonra namaz qılacaqsınızsa, dörd rükət qılın”.

Əs-Saib belə demişdir:

“Bir gün Müaviyə ilə birlikdə məqsurədə cümə namazı qılırdıq, pişnamaz salam verib namazı başa vurdu. Mən ayağa qalxıb elə olduğum yerdə namaz qılmağa davam etdim. Müaviyə bir nəfəri mənim yanıma göndərdi və belə dedi”:

“Bir də belə iş görmə! Cümə namazından sonra məsciddən bayıra çıxmamış, yaxud da bir az danışmamış başqa namaz qılma. Çünki peyğəmbər (s. a. v.) bizə belə əmr etmişdi.

Danışmadıqca, yaxud da məsciddən çıxmadıqca namazların bir-birinə əlavə olunmamasını tələb etmişdi”.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.