Sual: Nuh peyğəmbər əslində nə qədər yaşayıb? Bildiyiniz kimi bu məsələ mübahisəlidir. Ayədə belə deyilir: “50 ili çıxılmaqla aralarında 1000 il qaldı”. Buradan belə çıxır ki, Nuh peyğəmbər 950 il yaşayıb. Amma bir tədqiqatçıdan eşitmişəm ki, Şumerlərin dövründə il məfhumu 1 aylıq vaxtı bildirmək üçün işlədilirmiş. Əgər belədirsə, 1000 ili mübaliğəli yox, normal bir ömür müddəti kimi qəbul etmək olar. Yəni, təxminən 83 və ya 84 il. Bir tərəfdən də bunu: “Allahın qanununda dəyişiklik tapa bilməzsən” ayəsi ilə birlikdə düşünəndə 950 illik bir ömür həqiqətən də, çox mübaliğəli görünür. Mən səhv fikirləşməkdən Allaha sığınıram. Görəsən, bu məsələdə düzgün variant nədir?
Cavab: Allah belə buyurur:
“Göyləri və yeri yaratdığı gündən bəri Allah yanında – Allahın kitabında ayların sayı 12-dir. Bunlardan 4-ü haram aylardır. Bu, düppədüz bir hesabdır. Nəbadə, özünüzü bu aylarda yanlış bir şeyə atasınız (səhvə yol verəsiniz). O müşriklər sizinlə necə savaşırlarsa, siz də onlarla elə savaşın. Bilin ki, Allah qorunanlarla bərabərdir” (Tövbə, 9/36).
Bu ayəyə əsasən dünya yaradıldığı gündən bəri 1 il 12 aydan ibarətdir. Başqa sözlə, Nuh peyğəmbərin yaşadığı müddət 950 ay deyil, ayədə açıq-aydın bir formada bildirildiyi kimi 950 ildir. Biz bu məsələdə Şumerlərə dair məlumatı yox, Allahın kəlamında deyilənləri nəzərə almalıyıq.
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.