Müsəlmanlar
Xaricdə bankdan kredit götürüb məscid tikdirməyin hökmü

Xaricdə bankdan kredit götürüb məscid tikdirməyin hökmü

Sual: Mən xaricdə yaşayıram. Burada müsəlmanlar bankdan kredit götürüb məscid tikdirirlər. Bu, dini cəhətdən nə dərəcədə düzgündür?

Cavab: Mən dərslərdə əsl ilahi imtahanın bu dünyanı o biri dünyadan üstün tutmaq-tutmamaqla əlaqədar olacağını izah etməyə çalışıram. Təəssüf ki, bu gün Türkiyədə faiz çox yayılıb! Müsəlmanlar hakimiyyətə sahib olduqca dindən uzaqlaşırlar. Dünya o qədər cəzbedicidir ki, insanlarımıza hədsiz dərəcədə təsir edir.

Türkiyədə əvvəllər faizsiz fəaliyyət göstərən finans təşkilatlarının faizli bir əməliyyat keçirməyi qanuni baxımdan qadağan idi. Müsəlmanlar iqtidara gəldikdə isə həmin təşkilatlara faizli əməliyyatlar üçün qanuni olaraq icazə verdilər! Səhv etmirəmsə, bu qanun 2005-ci ildə qəbul edildi. Mən o vaxt bunun qarşısını almaq üçün əlimdən gələni etdim. Amma mənə qulaq asan olmadı. Təkcə Ahmet Necdet Sezerə (sabiq prezidentlərdən biri) məktub yazmadım. Səbəbi də bu idi: Qoy insanlar mənim müsəlmanları ona şikayət etdiyimi deməsinlər. Ancaq indi peşmanam, kaş ki, ona bir məktub yazaydım!

Burada bir məsələ də var: Din alimləri indiki dövrdə çox rahatlıqla fitva verirlər! Özlərindən “sukuk” deyilən bir cəfəngiyat çıxardıblar. Bunun Allahdan qorxub çəkinmədən faizsiz bir iş olduğuna fitva verən alimlər var! Mən bundan hədsiz dərəcədə narahat oluram. Saytımızda bununla əlaqədar bir neçə yazı var. Təəssüflər olsun,  bəzi din alimləri elə güman edirlər ki, Cəhənnəm öz evlərindəki buxarıdır!

Son vaxtlarda eşidirəm ki, Avropa ölkələrində kreditlə məscid alırlar. Alsınlar, qoy alsınlar… Onlar belə etməklə Cəhənnəmə getmək hüquqlarından istifadə edirlər!

Din alimləri belə bir iş gördükləri vaxt nəticə təkcə onların özləri ilə məhdud qalmır, başqalarına da pis bir nümunə təşkil edir. Yəni, bu hərəkətlər sıravi bir vətəndaşın adi bir hərəkəti kimi deyil.

Həqiqətən də, dünya həyatı insanı çox pis hala salır.

Biz bununla əlaqədar olaraq məzhəbləri də tənqid və saf-çürük etməliyik. Bizim məzhəblərin faiz məsələsinə münasibəti də ürəkaçan deyil. Belə ki, mən bu dəqiqə 4 məzhəbin dördündə də faizsiz adlandırılan, əslində isə 100 % faizlə işləyən bir bank üzə çıxarda bilərəm… Müsəlmanlar dünyaya yaxınlaşdıqca islam dini özlərinə tabe etməyə, öz istədikləri kimi şərh etməyə çalışırlar. Bu məsələlərdə çox ehtiyatlı olmaq lazımdır.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.