Sual: İsa əleyhissəlamın qiyamətə yaxın bir vaxtda təzədən dünyaya gələcəyini deyirlər. İsa (ə.s.) göydən düşəcək yoxsa onun ruhu yerdəki insanların birində peyda olacaqmı?
Cavab: Quranı Kərimə görə İsa (ə.s.) həyatda deyildir, Allah onun canını almışdır:
“Allah Təala buyurmuşdur ki: Ey İsa, səni vəfat etdirəcəm, səni öz qatıma yüksəldəcəyəm, səni inkar edənlərdən xilas edəcəyəm və sənə bağlı olanları qiyamətə qədər kafirlərdən üstün tutacağam. Sonra mənə dönəcəksiz. Elə o vaxt aranızda ayrılığa düşdüyünüz şeylər haqqında hökmü mən verəcəyəm.” (Əli-İmran, 3/55)
“(İsa dedi ki:) Mən onlara, ancaq sən mənə əmr etdiyini dedim. Mənim də Rəbbim, sizin də Rəbbiniz olan Allaha qulluq edin dedim. Aralarında olduğum müddətcə onların üstündə nəzarətçi idim. Məni vəfat etdirdikdən sonra artıq onların üstündə nəzarətçi ancaq sən oldun. Sən hər şeyi haqqıyla görənsən.” (Maidə, 5/117)
Başqa bir ayədə isə Allah, elçisi İsanı yəhudilərin əlindən qurtardığını bildirmişdir. Çünki onlar onu çarmıxa çəkmək istəyirdilər.
“Allah elçisi Məryəm oğlu İsanı öldürdük demələri üzündən…Halbuki onlar onu nə öldürdülər, nə də asdılar. Lakin (öldürdükləri) onlara İsa kimi göstərildi. Onun haqqında mübahisəyə düşənlər bu haqda tam bir şüphə içindədirlər. Bu mövzuda zənnə tabe olmaqdan başqa heç bir məlumatları yoxdur və dəqiq olaraq onu öldürmədilər. Bilavasitə, Allah onu öz qatına yüksəltmişdir. Allah böyük izzət və höküm sahibidir.” (Nisa, 4/157-158)
İslam alimlərinin bir çoxu bu ayədəki “ Allah onu öz qatına yüksəltmişdir” ifadəsinə baxaraq İsa əleyhissəlamın ölmədiyini irəli sürürlər. Onlara görə Allah, onu qüdrətiylə mənəvi göylərdəki xüsusi məqamına qaldırmış, qiyamətdən qabaq təzədən dünyaya göndərəcəkdir. Halbuki, yuxarıda verilən ilk iki ayədə Allah, İsanın öldüyünü açıq bir şəkildə bildirmişdir. Əlavə olaraq hər iki ayədə də; “səni öz qatıma yüksəldəcəyəm” ifadəsi, “səni vəfat etdirəcəyəm” ifadəsindən sonra gəlməkdədir: “səni vəfat etdirəcəyəm və səni öz qatıma yüksəldəcəyəm”.
Bu ayədən başa düşdüyümüz kimi Allah, əcəli gəlincə İsa əleyhissəlamı vəfat etdirmiş və onun ruhunu öz qatına almışdır.
İsa əleyhissəlamın qiyamətdən əvvəl təzədən dünyaya gələcəyini bildirən hədislər vardır. Bunlardan biri belədir:
“Ruhumu öz əlində tutan Allaha and işərəm ki, Məryəm oğlu İsa, adil bir hakim olaraq aranıza enəcək, xaçı qıracaq, donuzu öldürəcək, cizyəni qaldıracaq, İslamdan başqa heç bir şeyi qəbul etməyəcəkdir. Mal o qədər çox olacaq ki, heç kim dönüb baxmayacaqdır. Fəqət bir səcdə, dünya və dünyadakı hər şeydən xeyirli olacaqdır.” ( Buxari, Ənbiya, 50; Müslim, İman, 71; Tirmizi, Fitən, 54)
Bu və bunun kimi hədislər incələndiyi zaman hamısının ana təması budur: İsa və Mehdi gələcək, çətinlik və böhran içində qıvranan müsəlmanları xilas edəcəkdir. Hətta başqa bir hədisdə: “Su qabı su ilə dolduğu kimi, yer üzü sülhlə dolacaqdır. Din birliyi də olacaq, artıq Allahdan başqasına ibadət edilməyəcəkdir.” (İbn Macə, Fitən, 33) ifadəsi yer almaqdadır.
Fikir versəniz, İsa əleyhissəlam dünyaya təzədən gələndə görəcəyi işlər; donuzu öldürmə, xaçı qırma, qeyri-müsəlmanlardan alınan cizyəni qaldırma, hərkəsi müsəlman etmə kimi şeylərin tək bir nümunəsi belə Quranda yoxdur. Eyni zamanda heç bir peyğəmbərin inananları zornan müsəlman etmə vəzifəsi yoxdur. Onların vəzifəsi ancaq təbliğdir. Allah Təala belə buyurur: “Peyğəmbərlərə düşən ancaq təbliğdir” (Maidə, 5/99)
“ Əgər iş Rəbbinə qalsaydı, yer üzərindəkilərin hamısı iman edərdilər. Sən insanlara inanana qədər təzyiq edəcəksənmi?” (Yunus, 10/99)
“Dində məcburiyyət olmaz. ((Dinin əsli imandır. İmanın əsası onu ürəkdən qəbul etmək, yəni qəlb ilə təsdiq etməkdir. Qəlbdəki təsdiqi bir o insan, bir də Allah bilir. Orası insanın ən azad olduğu yerdir. Bu səbəblə heç kimsə bir inancı qəbul etməyə və ya inkara məcbur edilə bilməz. Məcburi ibadət də olmaz. Çünki ibadət üçün niyyət şərtdir. Niyyətin yeri də qəlbdir; qəlbdən edilməyən niyyət etibarsızdır. Heç kimə məcburi niyyət etdirilməyəcəyinə görə, ibadət də etdirilməz.)) Doğru ilə əyri bir-birindən təmiz ayrılmışdır. Hər kəs azğınları tanımaz, ((Yoldan çıxanlara boyun əyməz.)) Allaha inanırsa, ən sağlam qulpa yapışmış olur. Onun qopması imkansızdır. Allah eşidir, bilir.” (Bəqərə, 2/256)
Bir çox İslam alimi, bu hədislərin təkcə Kütübi Sittədə (məşhur altı hədis kitabı) yer almalarını kifayət görmüşlər. Bu əsərlərin müəlliflərinin (Buxari, Müslim, Əbu Davud, Nəsai, Tirmizi, İbn Macə) kimiləri, bu rəvayətlərin tənqid edilməsinin qarşısında təbii bir maneə meydana gətirmişdir.
Bu cür hədislərin sənədləri səhih olsa belə, bu iddiaların mətni Quran ilə uyğun gəlməməkdədir. Çünki Allah Quranı Kərimdə peyğəmbərlərin müjdələyən, xəbərdar edən olduğu bildirilməkdədir:
“Sən ancaq xəbərdar edənsən. Biz səni ancaq müjdələyən və xəbərdar edən olaraq göndərdik. Hər millətin içində mütləq bir xəbərdar edici olmuşdur.” (Fatır, 35/23-24)
“Əgər üz çevirərlərsə biz səni onların üstünə nəzarətçi göndərmədik. Sənə düşən ancaq duyurmaqdır…” (Şura, 42/48)
“Əgər Rəbbinə qalsaydı, yer üzərindəkilərin hamısı iman edərdilər. O halda sən, insanları inanmaları üçün məcbur edəcəksənmi?” (Yunus 10/99)
İsa əleyhissəlamın qiyamətdən qabaq gələcəyinə inanmaq bir əqidə mövzusu halına gətirilmişdir. Halbuki, bunu iddia edən alimlər, ahad xəbərlə əqidə ölçülməyəcəyini ifadə edərlər. İsa əleyhissəlamın gələcəyini bildirən hədislər ahad xəbərlərdir.
Nəticə olaraq müsəlmanlar “ necə olsa İsa gələcək, dünyanı qurtaracaq” şəklindəki bir xəyala qapılmamalı və var gücləri ilə İslam üçün çalışmaları lazımdır. Çünki Allah Təala belə buyurur:
“Bir cəmiyyət, özlərində olanı dəyişdirmədikcə, Allah o cəmiyyətə verdiyini dəyişdirməz”. (Rad 13/11)
“Bilinməlidir ki; insan üçün öz çalışdığından başqa bir şey yoxdur.” (Nəcm, 53/39)
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.