Müsəlmanlar

Hədislər etiqadi məsələlərdə dəlil ola bilər?

Sual: Muhəmməd peyğəmbərin hədislərini İslam dini ilə əlaqədar etiqadi məsələlərdə əsas götürmək olar?

Cavab: Hədislər təbii ki, qeyd etdiyiniz məsələlərdə dəlil ola bilər. Çünki hədislər Allahın elçisi (s. a. v.) tərəfindən Qurandan çıxarılan/əldə edilən hökmlərdir.

Bu məsələdə problemli olan cəhət budur: Bizim cəmiyyətlərimizdə hakim olan dini ənənə tərəfindən Kitab ((Quran nəzərdə tutulur.)) və Sünnət arasındakı əlaqə necə deyərlər, ləğv edilmişdir! Sanki bu mənbələr bir-birindən ayrı, müstəqil mənbələr imiş kimi qəbul olunmuşdur. Məhz bu vaxt da: “Görəsən, Sünnət ((Burada peyğəmbərimizin (s. a. v.) hədisləri nəzərdə tutulur.)) etiqadi məsələlərdə dəlil ola bilər?”, – kimi suallar ortaya çıxmışdır. Halbuki dini məsələlərə Kitab-Sünnət bütövlüyü çərçivəsində baxdıqda hədislərin nə qədər böyük əhəmiyyət kəsb etdiyini görmək olur. Bütövlük pozulduqda isə böyük problemlər yaranır. Buna bir misal verək: Tutalım ki, siz bir nəfərin üstündə olan bir pencəyi çox bəyənmisiniz. Ona deyirsiniz ki, bu pencəyi çox bəyəndim, onun bir qolu və cibini kəsib mənə ver. Nəticə hamıya məlumdur: gülünc və məntiqsiz bir istək!

Bütün bunlarla demək istəyirəm ki, hər şey öz yerində gözəldir. Bir şeyin bir hissəsini pozub xarab etdiyiniz vaxt formasını itirib çirkin hala gəlir. Kitab və Sünnət bütövlüyü də belədir. Aradakı tamlıq pozulduğu vaxt Sünnətin bir mənası qalmır. Amma qorunduğu vaxt etiqadi məsələlər də, fiqhi məsələlər də öz həllini tapır. Çünki belə etdikdə sükan Kitabın “əlində” olur.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır (İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri)

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.