Sual: Məlumdur ki, biz müsəlmanlar bəzi hallarda qərarsız olur və Allaha: “Allahım, mənə bu işin ən xeyirlisini göstər”, - deyə, dua edirik. Sonra o iş baş tutduqda: “Yəqin xeyirlisi bu imiş”, - deyirik. Bu hal qəza-qədər inancına uyğun gəlir, yoxsa yox?
Cavab: Təbii ki, biz Allahdan hər şeyin xeyirli olanını istəməliyik. Belə etmək bu mənada qəza-qədər inancına müvafiq gəlir: Allah hər şeyə bir ölçü qoyub, xeyir də, şər də Allahdandır.
İnsan Allahdan ən xeyirli olanı istəyir. Bunun üçün də insan nə lazımdırsa, yerinə yetirməlidir. Allah Qurani-Kərimdə belə buyurur:
وَمَنْ أَرَادَ الْآخِرَةَ وَسَعَىٰ لَهَا سَعْيَهَا وَهُوَ مُؤْمِنٌ فَأُولَٰئِكَ كَانَ سَعْيُهُمْ مَشْكُورًا
“Kim Axirəti istəsə və iman gətirmiş olaraq onun üçün lazımi cidd-cəhdi göstərsə, onun əməyi təşəkkürə layiq olar (yəni, əvəzini artıqlamasıyla alar).” (İsra, 17/19)
Odur ki, təkcə dua etmək kifayət deyil. Lazımi işləri yerinə yetirmək də lazımdır. Bu, bizim borcumuzdur. Amma bu o demək deyil ki, dua etməyəcəyik. Əlbəttə ki, dua edəcəyik, etməliyik. Çünki əgər Allah verməsə, insan heç bir şey əldə edə bilməz.
Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.