Müsəlmanlar

Yezidə nəhlət (lənət) oxumaq olar?

Sual: Aşura ilə bağlı bəzi yerlərdə, hətta məscidlərdə ikinci Əməvi xəlifəsi olan Yezidə lənət deyildiyinin, söyüldüyünün şahidi olmuşam. Həqiqətənmi, hər bir müsəlman Yezidə lənət etməlidir?

Cavab: Bəli, bunu eşitməyən az tapılar. Yezid, İslam aləminin ən böyük bəlalarından biri olmuşdur. Çünki, bir çox səhabənin qətlinə bais olmaqla yanaşı, peyğəmbər nəvəsi Hüseyn əleyhissəlamı və ailəsini qadın və uşaq demədən şəhid etmişdir. Bu hadisə İslam aləmində bir qara ləkə kimi qiyamətə qədər duracağı gözlənilir.

Eyni zamanda Yezidin törətdiyi bu hadisə, sonradan qurulan şiə firqəsinə dini istismar etməyə bir bəhanə gətirmiş və müsəlmanlar arasında özlərinə qoşulmayanlara qarşı daim təfriqə, kin alovlandırmağa zəmin hazırlamışdır.

Artıq Yezid etdiyini etmiş, axirətdə elədiklərinin də cəzasını alacaqdır. İstər ona lənət edin istər etməyin…

Lakin bəzi firqələrin, keçmişdəkiləri canlandırmaqla, Yezidə lənət oxuyub öz yaxalarını yırtmaqla, başlarını yarmaqla, şiə ya da Hüseyn tərəfdarı olduğuna, bundan savab əldə edəcəklərinə inanmaqdadır. Qarşı çıxan və öz əqidələrində olmayanları rahatlıqla əhli beyt sevgisindən məhrum qaldıqlarına hətta Yezid tərəfdarları olduğuna qənaət gətirirlər.

Allah Təala belə buyurur: “Onlar bir ümmət idi ki, gəlib getdilər. Onların qazandıqları özlərinə, sizin qazandığınız isə sizə aiddir. Siz onların etdikləri barədə sorğu-suala tutulmayacaqsınız.” (Bəqərə 134)

Allahın dini söyməklə bünövrələnməmişdir. Onun bünövrəsi gözəl əxlaqdır. Allahın dinində söyməyin heç bir qədr-qiyməti yoxdur. Peyğəmbər (s) mötəbər hədislərin birində buyurmuşdur ki, “Müsəlmanı söymək fasiqlik, qətlə yetirmək isə küfrdür” ((Səhih əl-Buxari: Kitab əl-İman, Bab Xəuful mumin ən yuhbitə amələhu, 48; Səhih Müslim, Kitab əl-İman, 116.))

Mötəbər hədislərin birində buyurulur: Peyğəmbərin (s) yanında Əbu Cəhlə lənət oxunduqda belə dedi: “Ölüləri söyməyin, çünki onlar artıq etdikləri əməllərinə qovuşublar” ((Səhih əl-Buxari, “Kitab əl-Cənaiz”, 1393.))

Bu məsələ ilə əlaqədar olaraq aşağıdakı sual və cavabına baxmağınızı tövsiyə edirik:

Dinimizdə əzadarlıq varmı?

 

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.