Müsəlmanlar

İnsanlar nəyə görə hədis uydurublar?

Sual: Mövzu hədislərin uydurulmağının başlıca səbəbləri nədən ibarətdir? İnsanlar nə üçün belə bir ehtiyac hiss ediblər?

Cavab: Bunun müxtəlif səbəbləri var və onları aşağıdakı kimi ümumiləşdirmək mümkündür:

1) Siyasi firqə və qrupların öz məqsədləri üçün hədis uydurması: Məsələn, Qədir-xum və imamətlə əlaqədar hədislər, Əməvi və Abbasi xəlifələrinin lehinə və əleyhinə olan hədislər, Mehdi inancına dair rəvayətlər kimi.

2) Fiqhi və kəlami məzhəblərə mənsub olanların məzhəbpərəstlik və təəssübkeşliklə hədis uydurması: Qəza-qədər, Quranın məxluq olub olmaması məsələsi, Hənəfi, Şafei və yaxud digər məzhəbləri mədh və ya tənqid edən bir çox hədis rəvayəti kimi.

3) Millətçilik hissi ilə hədis uydurulması: Məsələn, Ərəb, Türk və Farsların lehində və əleyhində olan rəvayətlər kimi.

4) İslama düşmən olanların qəsdən hədis uydurmaları.

5) İslam dininə xidmət etmək istəyi ilə hədis uydurmaq: Məsələn, insanları Quran oxumağa həvəsləndirmək məqsədilə müxtəlif surələrin fəzilətlərinə dair rəvayətlər. Eləcə də, zahidlik və ibadətə təşviq məqsədi ilə uydurulan rəvayətlər kimi.

6) Şəxsə mənfəət üçün hədis uydurmaq: Misal üçün, dünya malı əldə etmək üçün nüfuz və iqtidar sahibi olan bəzi hakimlərə yaxın olmaq, onlara yaltaqlanmaq və bəxşiş əldə etmək üçün uydurulan rəvayətlər.

Bu məsələyə dair ətraflı məlumat üçün a.ağıdakı mənbəyə müraciət edə bilərsiniz:

M. Yaşar Kandemir, “Mövzu hədislər: Mənşəyi, tanıma yolları, tənqidi”, (Türk dilində) İstanbul, 2009. ((Qeyd edək ki, bu əsər BDU-nun İlahiyyat fakültəsinin kitabxanasında mövcuddur.))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.