Sual: Mələk Cəbrayılın peyğəmbərimizə (s. a. v.) yuxuda ikən gətirdiyi vəhyin Quran olmadığını demək düzgündür? Əgər düzgündürsə, nəyə görə bu növ vəhyi Quran olaraq qəbul etməyiblər?
Cavab: Quran ayələri peyğəmbərə (s. a. v.) mələk Cəbrayıl tərəfindən yuxu halında gətirilməyib. Allah Təala hər insana yuxuda bəzi şeyləri açıq və yaxud rəmzlər halında göstərə bilər. Belə ki, Quranın Yusuf surəsində həm Yusuf peyğəmbərin, həm onunla həbsdə olan iki nəfərin, həm də padşahın yuxusu barədə danışılır. Lakin Allah peyğəmbərlərə vəhyi bu cür göndərməyib. Allah Təala vəhyi nazil etmək metodunu belə bildirir:
“Allah bütün qeybi bilir. Qeybini heç kəsə açıqlamaz. İstədiyi elçi bunun xaricindədir. Onun da qabağına və arxasına nəzarətçilər qoyar.
Beləcə, o (elçi) bilsin ki, onlar Allahın göndərdiklərini tamamən çatdırmış, (özü də) onların yanında olanı anlamış və hər şeyi bir-bir qavramışdır”. (Cinn, 72/26-28)
Bəzi təfsir kitablarında Ənam surəsinin nazil olması ilə əlaqədar Ənəs bin Malikdən belə bir rəvayətə yer verilir:
“Allahın elçisi dedi: “Ənam surəsindən başqa bir Quran surəsi mənə birdən nazil olmadı. Şeytanlar bu surə üçün toplaşdıqları qədər başqa bir surə üçün toplaşmamışdılar. Bu surə mənə Cəbrayılla birlikdə əlli min mələklə göndərildi. Bunu bir toy dəbdəbəsi ilə gətirdilər”. (Elmalılı Muhammed Hamdi Yazır, Hak Dini Kur’an Dili, İstanbul, 1936, II cild, s. 1861-1862)
Peyğəmbər ona gələnin mələk olduğuna və dediyi sözə şeytan vəsvəsəsi qarışmadığına etibar etməlidir. Vəhyin nazil olması əsnasında elçinin ətrafına mələklərin düzülməsinin səbəbi budur. Çünki Allahın elçilərinə şeytan da gələ bilər. Quranda belə deyilir:
“Səndən əvvəl göndərdiyimiz elə bir nəbi və elçi yoxdur ki, bir şeyi istədiyi vaxt onun istəyinə vəsvəsə qarışmış olmasın. Allah şeytanın qarışdırdığını aradan qaldırır. Sonra Allah ayələrini püxtələşdirir. Allah biləndir, hikmət sahibidir”. (Həcc, 22/52)
Aşağıdakı ayələrdən açıq-aydın şəkildə başa düşmək olur ki, Quran ayələri peyğəmbərimizə Cəbrayıl tərəfindən gətirilib:
“Quran qiymətli bir elçinin (Cəbrayılın) sözüdür.
Güclü-qüvvətli, Ərşin sahibinin yanında etibarlı,
Orada ona tabe olunan, etibarlı bir elçinin”. (Təkvir, 81/19-21)
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.