Sual: Əti yeməli olan heyvanların içindəki piyləri yemək olar?
Cavab: Bəli, əti halal olan heyvanların içalat və piylərini yemək də halaldır. Dində bunları qadağan edən heç bir hökm yoxdur. Quranın Ənam surəsinin 146-cı ayəsində deyilir ki, halal olan xırda və iri buynuzlu heyvanların iç piyləri sadəcə olaraq yəhudilərə və o da cəza kimi haramdır. Həmin ayə belədir:
“Yəhudilərə dırnaqlı heyvanların hamısını haram etdik. İnək və qoyunun bel sütunlarına və bağırsaqlarına yapışan, yaxud sümüklərə qarışan yağlar istisna olmaqla, onların piylərini də haram etdik. Bu, həddi aşdıqlarına görə onlara verdiyimiz cəzadır. Şübhəsiz ki, Biz doğru danışanlarıq.” (Ənam, 6/146)
Müsəlmanlara haram olunanlar isə eyni surənin əvvəlki (145) ayəsində sadalanmışdır:
“De ki, mənə vəhy edilənlər içərisində ölü (heyvan), axar qan, donuz əti – o, həqiqətən də murdardır – və ya yoldan çıxıb (günah olaraq) Allahdan başqasının adı ilə kəsilən heyvandan başqa yeyilməsi yeyənə haram qılınan bir şey görmürəm. Bununla yanaşı, məcburiyyət qarşısında qalan kəs həddi aşmadan (başqasının payına əl uzatmadan) və öz zəruri ehtiyacını ödəyəcək qədər bunlardan yeyə bilər. Çünki sənin Rəbbin bağışlayandır və çox mərhəmətlidir.” (Ənam, 6/145)
Məlum olduğu kimi, bu ayədə piydən söhbət getmir.
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.