Sual: Təzə doğulan qız uşaqlarına Zümra adı qoymaq olar? Bunun mənası nədir?
Cavab: Lüğətlərdə qeyd edilən məlumatlara əsasən Zümra sözü Ərəb sözüdür və gözəl, gözəl əxlaqlı, cəsarətli, ürəkli mənalarını daşıyır.
Lakin bizim müəyyən etdiyimiz məlumatlara əsasən Ərəb dili lüğətlərində zümra/zümrə (الزُّمْرَةُ) sözü dəstə, cəmiyyət və camaat kimi mənaları bildirir. Əlavə olaraq, qəhrəman, həmişə insanlara kömək edən, ağıl-kamallı, zərif və elmli adam mənaları daşıyan zimr (الذِّمْرُ) sözü var. Bu sözün dişi cinsdəki forması zimra (الذِّمْرَةُ) olur. Bu da öz növbəsində qəhrəman, həmişə insanlara kömək edən, ağıllı, zərif və elmli qadın deməkdir. Qeyd edək ki, ərəb dilində zümra sözü kəskin z hərfi (ز zeyn) ilə, zimra kəlməsi isə pəltək z hərfi (ذ zal) ilə yazılır.
Bu məlumatlardan məlum olur ki, Zümra adına verilən mənalar Ərəb dilindəki Zimra adı üçün daha münasibdir. Biz bu adla əlaqədar başqa bir məlumat tapa bilmədik.
Bu məlumatlara əsasən qərarı özünüz verin. İndiyədək uşaqlara Zümra adı qoyulubsa, onları dəyişdirmək də vacib deyil.
Bununla belə, bu ad ölkəmizdə geniş yayılmış adlardan biri deyil. Bu faktoru da nəzərə almaq lazımdır.
Adqoyma ilə əlaqədar ətraflı məlumat üçün aşağıdakı keçidlərə baxmağınızı tövsiyə edirik:
http://www.muselmanlar.com/fitvalar/4600.html
http://www.muselmanlar.com/fitvalar/adlar
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.