Müsəlmanlar
Bismillahi-r-Rəhmani-r-Rəhim ifadəsi

Bismillahi-r-Rəhmani-r-Rəhim ifadəsi

Sual: Son zamanlarda “Bismillahir-Rəhmanir-Rəhim” ifadəsi “Rəhman, Rəhim Allahın adından” kimi tərcümə olunur. Sizin fikrinizcə bu cür tərcümə düzgündür?

Cavab: Bəsmələnin (“Bismillahir-Rəhmanir-Rəhim” ifadəsinə qısa formada verilən ad) bu cür tərcümə olunması Qərbin təsirindən baş verir. Bəsmələ bu cür tərcümə oluna bilməz. Çünki heç kəs Allahın adından iş görə bilməz, buna heç kəsin səlahiyyəti yoxdur.

Allahın adı ilə nəsə etmək başqa şeydir, Allahın adından nəsə bir iş görmək isə başqa. Bunlar eyni şeylər deyil. Bizim fikrimizcə bəsmələnin ən düzgün tərcüməsi belədir: “Yaxşılığı sonsuz, ikramı bol Allahın adı ilə”. Bu məsələ ilə əlaqədar olaraq Quran baxımından düzgün hesab etdiyimiz səhvlər (Orijinal adı: Kur’an Işığında Doğru Bildiğimiz Yanlışlar) adlı əsərimizdən lazımi bölməni aşağıda qeyd edirik:

“Bəsmələ kimi məlum olan “Bismillahir-Rəhmanir-Rəhim” ifadəsi Türk dilinə müxtəlif formalarda tərcümə olunmuşdur. Buradakı fərq Rəhman Rəhim sözlərindən irəli gəlir.

Bu sözlər rəhmət sözündən yaranmışdır. Rəhmətin mənası yaxşılıq və mərhəməti vacib edən incəlik deməkdir. Lakin bəzən ancaq incəlik, bəzən də ancaq yaxşılıq və ikram mənasında işlədilir. Allahın xüsusiyyəti kimi istifadə olunduqda isə sadəcə olaraq yaxşılıq və ikram mənası nəzərdə tutulur (Rağib Əl-İsfahani, Müfrədat lüğəti, رحم bəndi).

Rəhman rəhməti (rəhm) hər şeyi əhatə edən deməkdir. Bu xüsusiyyət Allahdan başqa bir varlıqda olmaz. Rəhim isə rəhməti (rəhm, mərhəmət) çox deməkdir. Rəhmətin çoxluğu Allahın xaricindəki varlıqlarda da ola bilər. Elə buna görə rəhim xüsusiyyəti Quranda peyğəmbərimiz Muhəmməd (s. a. v.) haqqında da işlədilmişdir:

“Sizə sizin öz aranızdan bir elçi gəldi. Sizi çətinliyə salan hər şey onu da narahat edir. O sizə qarşı qayğıkeşdir. Möminlərə qarşı çox şəfqətli və rəhimdir” (Tövbə, 9/128).

Rəhman sözünü Türk dilinə yaxşılığı sonsuz kimi çevirdik. Çünki Allahdan başqa heç kəsin yaxşılığı sonsuz ola bilməz. Rəhim sözünü isə ikramı (mərhəməti) bol kimi tərcümə etdik. Çünki bu xüsusiyyət insanlarda da ola bilər. Nəhayət ki, bəsmələnin Türkcə tərcüməsi belə oldu:

“İyiliği sonsuz, ikramı bol Allahın adıyla (Yaxşılığı sonsuz, mərhəməti bol olan Allahın adı ilə)”.
Bizim fikrimizcə bu tərcümə ən düzgün tərcümədir” (Mənbə: Abdulaziz Bayındır, Kur’an Işığında Doğru Bildiğimiz Yanlışlar, Süleymaniye Vakfı Yayınları, 2-ci nəşr, İstanbul, 2007, s. 33-34).

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.