Sual: Siz Quranın İbrahim surəsinin 4-cü ayəsinə digərlərindən fərlənən bir tərcümə-məal verirsiniz. Burada belə bir sual yaranır: Görəsən, bu ayəni qədim alimlərdən indiyədək sizin kimi anlayanlar olub, ya yox?
Cavab: Bizim həmin ayəyə verdiyimiz məna aşağıdakı kimidir:
“Biz hər rəsulu (elçi) öz cəmiyyətinin dili ilə göndərdik ki, onlara açıq-aydın izah etsin. Allah bundan sonra zəlaləti seçəni zəlil sayar, hidayəti seçəni də Öz yoluna qəbul edər. Güclü olan, düzgün qərar verən Odur.”
Biz bu ayəyə belə bir məna verdikdən sonra (üstündən 8 il keçdi) gördük ki, İmam Maturidi də eyni mənanı verib. Bu, bizi məmnun etdi. Hicri təqvimlə 333, miladi təqvimlə 944-cü ildə vəfat edən Maturidi qeyd etdiyimiz ayəni belə təfsir etmişdir:
لِيُبَيِّنَ لَهُمْ فَيُضِلُّ اللَّهُ مَنْ يَشَاءُ وَيَهْدِي مَنْ يَشَاءُ : أي يضلُّ اللّهُ مَن آثر سبب الضلال و يهدي مَن آثر سبب الذي به يهتدي ، يهدي ذلك. وقال قائلون: فيضلُّ اللّهُ مَن يَشَاء وَيَهْدِي مَن يَشَاء، هذا حكم الله أن يضل المكذبين و يهدي المصدقين. لكن الوجه فيه ما ذكرنا بدءً أنه يضل من آثر سبب الضلال ويهدي من يشاء، أي من آثر سبب الإهتداء.
“Allah zəlalət yolunu üstün tutanı yoldan çıxardır, hidayət yolunu seçəni isə hidayətə çatdırır. Bəziləri (فَيُضِلُّ اللَّهُ مَنْ يَشَاءُ وَيَهْدِي مَنْ يَشَاءُ) ayəsi haqqında: “Bu, Allahın inkarçıları yoldan çıxartmağı, təsdiq edənləri də hidayətə çatdırmasına dair bir hökmdür, – deyiblər. Lakin düzgün olan bizim dediyimizdir. Yəni, Allah zəlalət yolunu üstün tutanı yoldan çıxardır, hidayət yolunu seçəni hidayətə çatdırır.” (MƏNBƏ: Əbu Mənsur Muhəmməd ibn Muhəmməd əl-Maturidi, Təvilatu-l-Quran, təhqiq edən Xədicə Boynukalın, Daru-l-mizan, İstanbul, 2006, 7-ci cild, s. 458.))
Hicri 425-ci ildə vəfat edən Rağib əl-İsfahani bu ayə başda olmaqla, bir çox Quran ayəsində qeyd edilən şaə felinə (شاء) bir çox kəlam aliminin sonradan əradə (اراد), yəni, istəmək mənasını verdiklərini qeyd edib. ((Rağib əl-İsfahani, əl-Müfrədat, ş-y-ə bəndi.))
Belə çıxır ki, bir kəlam alimi olan Maturidi Rağib əl-İsfahaninin qeyd etdiyi kəlam alimlərindən deyilmiş. Ancaq Maturididən sonra gələn və Maturidiyyə cərəyanına mənsub olan kəlamçı alimlər onun əksinə, müvafiq kəlməyə “iradə” (istəmək) mənası veriblər. Bu isə çox təəccüb doğurucu və ibrətamiz bir haldır.
Türkiyə Din İşləri Təşkilatının Quran məal-tərcüməsində qeyd edilən ayəyə belə məna verilib:
“Biz hər peyğəmbəri ancaq öz qövmünün dili ilə göndərdik ki, onlara (Allahın əmrlərini) yaxşıca izah etsin. Allah istədiyini yoldan çıxardır, istədiyini də düzgün yola çatdırır. O, mütləq güc sahibidir, hökm və hikmət sahibidir.”
Türkiyə Diyanət Vəqfi isə bu ayəni aşağıdakı kimi tərcümə edib:
“(Allahın əmrlərini) onlara yaxşıca izah etsin deyə, hər peyğəmbəri ancaq öz qövmünün dili ilə göndərdik. Artıq Allah istədiyini yoldan çıxardır, istədiyini də düzgün yola salır. Çünki O, güc və hikmət sahibidir.”
Yenə eyni qurum tərəfindən nəşr edilən Quran Yolu adlı təfsir kitabında isə belə deyilir:
“İstisnasız olaraq hər peyğəmbəri öz qövmünün dili ilə göndərdik ki, onlara açıq-aydın başa salsın. Bundan sonra Allah istədiyini zəlalətdə saxlayır, istədiyini də düzgün yola çatdırır. O, güclüdür, hikmət sahibidir.”
İslam alimlərindən biri olan Elmalılı Hamdi Yazır-ın eyni ayəyə verdiyi məna isə belədir:
“Və biz hər göndərdiyimiz rəsulu ancaq öz cəmiyyətinin dili ilə göndərdik ki, onlara yaxşı bəyan etsin. Sonra da Allah istədiyini zəlalətdə qoyur, istədiyini də hidayətə çatdırır. Və elə Əziz Həkimdir O.”
Bu məqamda ortaya çox mühüm bir sual çıxır: Allah Öz istədiyini düzgün yola, istədiyini də zəlalətə gətitirsə, o halda nə üçün elçi göndərir? Belə bir vəziyyətdə həmin elçinin o cəmiyyətin dili ilə nəyi isə izah etməyinin nə mənası qalır? Bu cür mənasız bir işi düzgün qərar verən Allaha yaraşdırmaq mümkündürmü? İçində ciddi surətdə ziddiyyətlər olan bir kəlam (söz) Allaha məxsus ola bilərmi?
Qeyd edək ki, Hənəfi məzhəbindən olanlar özlərini Maturidi məzhəbinə mənsub hesab edirlər. Məlum olduğu kimi, məzhəblərin tarix boyu əsas xətdən ciddi surətdə uzaqlaşdırılması Quran məna-tərcümələrini belə, mənasız hala gətirib çıxarmışdır.
Yeri gəlmişkən, bu məsələ ilə bağlı ətraflı məlumat almaq istəyənlər aşağıdakı keçidə müraciət edə bilərlər:
http://www.muselmanlar.com/dusunce-sahesi/471.html
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.