Sual: Məlumdur ki, internetdən qeyri-qanuni yollarla kinofilm, musiqi əsərləri, kitab və oxşar şeyləri kompyüterə köçürüb qeyd etmək müəllfi və istehsalçıların hüquqlarının pozulması deməkdir. Buna görə də bu kimi hallar cinayət hesab olunur. Məntiqi cəhətdən də belədir: Bu kimi işləri görmək bir növ oğurluqdur. Görəsən, İslam dininə əsasən bu hərəkətlər oğurluqla eyni səviyyədə qəbul edilir? Əgər qəbul edilirsə, belə edənlərin əlləri kəsilməlidir?
Cavab: Qeyd edək ki, Quran-Sünnə bütövlüyü daxilində müəyyənləşdirilən “planlanmış oğurluq” cinayətinin müqabilində tətbiq olunan “əlkəsmə” cəzası (Maidə, 5/38) mal və mülkə qarşı yönələn bütün pozuntular üçün məsləhət bilinən bir cəza deyil.
İnternetdən illeqal yolla sizin sadaladığınız şeyləri kompyüterə köçürmək hamı tərəfindən asanlıqla həyata keçirilə bilən bir işdir. Odur ki, burada planlanmış-mütəşəkkil oğurluğun xüsusiyyətlərindən biri olan malın mühafizə edilməsi şərti formalaşmır. Buna görə də bu hərəkət “bəsit oğurluq” çərçivəsində – texnologiya cinayətlərinin arasında yer tutur; yəni, bir hüquq pozuntusu kimi qiymətləndirilir. Lakin bunun üçün kompyüterə köçürülən sənəd və digər şeylər bir şəxs və ya təşkilatın mülkiyyət hüquqlarına daxil olmalıdır. Başqa cür desək, belə bir xüsusiyyətə malik olmalıdır. Mülkiyyət hüquqlarının xaricində qalan şeylər üçün hansısa bir hüquq pozuntusundan söhbət gedə bilməz.
Bu halda bu cür pozuntular üçün cinayət-cəza ilə əlaqədar “Bir cinayətin qarşılığı ona müvafiq (misl) bir cəzadır” (Şura, 42/40). Məsələyə bu ümumi prinsip baxımından yanaşdıqda deyə bilərik ki, hüquqa zidd formada endirilən-köçürülən materialların qiyməti qədər bir məbləğ onun sahibinə qaytarılmalı, bir o qədər də ictimai haqq-hüququn müqabili kimi cəza olaraq ödəniş edilməlidir. Əlavə olaraq, internet xidmətinin məqsəddənkənar istifadəsinin (həddi aşmağın) müqabilində haqq-hüquqdan məhrumetmə cəzası formasında bir cəza verilməlidir.
Gəlin, bu məsələni bir misalla daha konkret formada təhlil edək: Tutalım ki, bir nəfər müəllif hüquqları ilə qorunan və ödənişsiz endirilməsinə icazə verilməyən materialları öz kompyüterinə yüklədi. Sonra da həmin materialları başqalarının istifadəsinə açdı. Deyək ki, bu cinayətin obyekti olan həmin materialın dəyəri 100 manatdır. Bu halda belə bir pozuntu hərəkəti edən şəxs haqq sahibinə 100 manat ödəməlidir. Bununla yanaşı, ictimai hüquqla əlaqədar bir pozuntuya yol verdiyi üçün 100 manat da cərimə ödəməlidir. Əlavə olaraq, onun internetə çıxışı özünü düzəldib islah olanadək bağlanmalıdır.
Qeyd edilən cinayət fərdi deyil, ticari məqsədlərlə törədilibsə, vəziyyət dəyişir: Zərərə məruz qalan tərəfə dəyən ziyanın ödənilməsi və tətbiq olunan cəzanın cinayətə müvafiq olması üçün daha böyük rəqəmlər ortaya çıxır. Bu hərəkətə yol verən şəxs özünü düzəldənə qədər internetə çıışının bağlanması kimi bir cəza da alır. Əlavə olaraq, islah olana qədər ticari fəaliyyətlə məşğul olması da qadağan edilir. Qeyd edək ki, internetə çıxışın qadağan olunması və ticari fəaliyyətlərdən uzaqlaşdırma cəzaları hazırkı texnoloji imkanlar sayəsində o qədər də çətin bir iş deyil.
Suala cavab verdi: Suat Ərdoğan (ilahiyyatçı müəllim, hüquqşünas)
Bu məsələ ilə əlaqədar olaraq aşağıdakı keçidə də baxmağınızı tövsiyə edirik:
http://www.muselmanlar.com/fitvalar/3476.html
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.