Müsəlmanlar
Son vaxtlarda tez-tez işlənən islamist sözünə necə baxırsınız?

Son vaxtlarda tez-tez işlənən islamist sözünə necə baxırsınız?

Sual: Hazırkı dövrdə islamçılıq adı ilə bir fəlaiyyət aparılır və belə deyilir: “Bir insanların öyrənib həyata keçirdikləri İslam var, bir də Quranda yazılı olan İslam. Məlumdur ki, hər bir müsəlman Qurandakı İslamı eyni səviyyədə öyrənmir, yaxud da öyrənə bilmir. İslamı tamamilə öyrənənlə az biləni bir-birindən ayırmaq lazımdır. Elə isə İslamı tam bilənə “islamçı (islamist)” deməliyik.” Sualım budur: İnsanlara İslam dinini izah edib öyrətməyin əvəzinə onları “bilən” və “bilməyən” formasında adlandırmağın nə kimi bir mənası ola bilər?

Cavab: Şəxsən mən bu “filançı” və “filanist” kimi ifadələri heç xoşlamıram. Bu ifadələrlə sanki “çörək-çörəkçi” kimi bir şey deyilir. Çörəkçi heç vaxt çörək, ayaqqabı işi görən də ayaqqabı ola bilməz. Elə isə islamist və ya islamçı adlandırılan insanlar həqiqi müsəlman ola bilərlərmi?

“İslam dinini bilən insanlar həqiqi müsəlmandırlar” deyilən bir qayda varmı? Xeyr! Əslində insanları düz yoldan çıxardanlar bilənlərdir. Bilməyənlər bunu bacara bilməzlər. Unutmamalıyıq ki, İslamı bilmək başqa bir şeydir, yaşayıb həyata keçirmək başqa. “İslam dinini bilən hər bir şəxs onu öz həyatına tətbiq edir” deyilən bir şeydən söhbət gedə bilməz. Çünki İslamı dərindən bilən o qədər insan var ki, onu bir kənara qoyub öz mənfəətlərini ön planda tuturlar. Biz buna hər gün şahid oluruq. Allahı deyil, kimləri isə razı etmək üçün hər növ fırıldağa əl atırlar. Sıravi insanlar da bundan bixəbər olduqları üçün onların gördükləri işlərdə nəsə bir fayda və məna olduğunu güman edirlər.

Bir sözlə, mən bu cür ifadələri sevmirəm. Quranda da deyildiyi kimi, Allah bizə “müsəlman” adını verib. Bilsək də, bilməsək də. Yeri gəlmişkən, bilmək çox gözəldir. Bununla belə, bir insan öz mənfəətlərini ilahi mənfəətlərin qarşısında fəda etməyi bacarırsa, o şəxs müsəlmandır. Əgər buna qabil deyilsə, onun işi çətindir. Allah elə bir qayda qoyub ki, dünyəvi mənfəətləri o biri dünyaya dair mənfəətlərdən üstün tutmamaq lazımdır. Bu, bir imtahan məsələsidir; təkcə bilmək-bilməməkdən ibarət deyil.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.