Sual: Məscidin sağ tərəfində namaz qılmaq daha fəzilətlidir? Bununla əlaqədar ayə və ya hədis var?
Cavab: Məscidin qibləyə görə sağ tərəfində namaz qılmağın fəziləti olduğu barədə hər hansı bir ayə və səhih hədis yoxdur.
Camaatla birlikdə namaz qılanda sağ və sol seçmədən əvvəl ilk sıraları doldurmaq, sıraları da düz və sıx tutmaq lazımdır. Bu mövzuda nəql edilən hədislərdən bir qismi belədir:
Ənəs (r. a.) nəql edir: Peyğəmbər (s. a. v.) buyurub:
“Cərgənizi düz tutun, çünki cərgənin düz olması namazın tamlığını (təmin edən şərtlərdən) biridir.” (Buxari, Əzan, 132, 72, 74, 76; Müslim, Səlat, 124, (433, 434); Əbu Davud, Səlat, 94; Nəsai, İmamət, 27, 28, 30)
Abdulla ibn Ömər (r. a.) nəql edir: Həzrəti Muhəmməd buyurub:
“Cərgənizi düz tutun, çiyininizi bir xəttə gətirin, aradakı boş yerləri doldurun, (sıraları düzəlmək istəyən) qardaşlarınızın əllərinə qarşı nəzakətli olun. Arada şeytan çatları buraxmayın. Kim cərgəyə qoşulsa, Allah da ona qovuşar. Kim də cərgədən qopsa, Allah da ondan qopar.” (Əbu Davud, Səlat, 94; Nəsai, İmamət, 31)
Cabir ibn Səmürə (r. a.) nəql edir: Peyğəmbər buyurub:
“Mələklər Rəblərinin dərgahında cəm olduqları kimi siz də cəm olmursunuz?” Biz: “Mələklər necə cəm ola bilərlər?” dedik.
Peyğəmbər (s. a. v.) cavab olaraq belə dedi:
“Onlar ilk cərgəni düzəldirlər və cərgədə nizamlı dururlar.” (Müslim, Səlat, 119, (430;) Əbu Davud, Səlat, 94)
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.