Müsəlmanlar

Bayramın hər hansı günü qurban kəsmək olar?

Sual: Qurbanlıq heyvanı qurban bayramının hər günü kəsmək olar? Əlavə olaraq, uşaqlar üçün də qurban kəsilməlidir?

Cavab: Əlbəttə ki, kəsmək olar. Qurban, ilk gündən başlayaraq dördüncü gününə qədər kəsilə bilər. Gün, günəşin çıxması ilə başladığına görə qurban bayramı (Həcc surəsindəki “məlum günlər” ifadəsini yada salın) o gün günəş doğulduğu vaxtdan etibarən başlayır. Bayram namazı isə günəş doğduqda qılınmır, duha vaxtı deyilən vaxtda qılınır. Yəni, günəş üfüqdə təqribən 5 dərəcə yüksəldiyi vaxt qılınır. Çünki o vaxt kərahət vaxtı keçib getmiş olur. Bu vaxt bayram namazı qılınır, sonra da qurban kəsilir.

Quranda ilk günün gündüzlə başladığı və gündüzün gecədən qabaq olduğu barədə belə buyrulur:

“Nə günəş aya çatar, nə də gecə gündüzü keçə bilər. Onların hər biri (öz) orbiti (ilə) üzüb gedir”. (Yasin, 36/40)

Gecə gündüzü keçə bilmədiyinə görə əvvəlcə gündüz, sonra gecə gəlir.

Bizdə bu məsələ ilə əlaqədar səhv bir tutum var. Misal üçün, əgər günəş batdıqda gün başa çatırsa, qurbanı nə üçün günəş qürub etdiyi vaxt kəsmirsiniz? Qurban bayramını nə üçün günəş batandan sonra dərhal qılmırsınız?

 Həcdə bütün bunları rahatlıqla yaşamaq mümkündür. Misal üçün, Ərəfə günü ertəsi günün sübhünə qədər davam edir. Odur ki, bir nəfər sübhə qədər Ərəfatdan keçsə, Ərəfat vəqfəsini yerinə yetirmiş hesab olunur. Müzdəlifə vəqfəsi üçün də eyni hal qüvvədədir. Bu, kitablarda qeyd olunub. Amma: “Bu, sadəcə ona məxsusdur”, – deyə, bir qeyd də var.

Nəticə olaraq, qurban bayramın 4 gününə kimi kəsilə bilər.

Uşaqlar isə dini cəhətdən məsul hesab olunmurlar. Ona görə də onlara qurban kəsmək lazım deyil.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.