Sual: Biz öz aramızda kiçik bir stadionda futbol oynayırıq. Oyunu uduzan komanda stadionun pulunu verir. Yaxud da udan tərəfə şirniyyat və sairə kimi şeylər alır. Bu məsələdə dini cəhətdən bir eyib var?
Cavab: Uduzanın hesab verməyi, stadion pulunu ödəməyi və ya qələbə qazanan tərəfə nəsə almağı kimi hallar oyundan asılı olmayaraq qumar hesab edilir. Xərclənən məbləğ çox cüzi olsa belə, vəziyyət eyni olaraq qalır.
Bu söz: “Oyun oynamayın”, – demək deyil. Bununla belə, siz ya hesabı şərikli ödəyin, ya da növbə ilə verin. Əsas odur ki, uduzan komanda ödəməsin. Yəni, belə bir şərt olmasın.
Allah Təala qumarın şeytan əməli olduğunu, murdar bir hal olduğunu bildirib. Ondan hər cəhətdən uzaq durmağımızı əmr edib:
“Ey iman gətirənlər! Şübhəsiz ki, içki də, qumar da, (tapınmaq məqsədilə) dik qoyulmuş daşlar da, fal oxları da şeytan əməlindən olan murdar şeylərdir. Bunlardan çəkinin ki, bəlkə nicat tapasınız.
Həqiqətən, şeytan içki və qumar vasitəsilə sizin aranıza ədavət və kin salmaq, sizi Allahı yad etməkdən və namazdan ayırmaq istəyər. Siz (buna) son qoyacaqsınızmı?”. (Maidə, 5/90-93)
Odur ki, siz də bir müsəlman kimi buna əsasən hərəkət etməlisiniz.
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.