Sual: Kefir içmək olar? Kefirin tərkibində 0,6-0,8 % spirt var. Həmçinin bəzi xəstəliklərə şəfa olduğunu deyirlər. Bu məsələ dini cəhətdən necə qiymətləndirilir?
Cavab: Kefir fermentasiyaya uğramış, yəni, mayalanmış-qıcqırmış bir süd məhsuludur. Hər fermentə edilən məhsulda olduğu kimi, kefirdə də qıcqırdığı vaxt spirt əmələ gəlir.
Kefirin növləri mayalanma müddətindən asılı olaraq şirin kefir, tünd kefir, orta tünd kefir, çox tünd kefir kimi adlandırılır. Bu müddətlər 12, 24, 48, 60-72 saat arası olur. Bu müddətlərdə yaranan spirt miqdarı vaxt keçdikçə azdan çoxa doğru artır.
Şirin kefirdə on mində bir ilə mində bir intervalında yaranan spirt mayalanma miqdarı uzandıqca çoxalır. Xüsusilə tünd kefir və çox tünd kefirdə bu nisbət yüzdə 2-3-ədək yüksəlir. Bir ilədək saxlanan kefirdə bu nisbət yüzdə 4 səviyyəsinə yüksəlir. Yeri gəlmişkən, bizdə əsasən şirin kefir istehsal edilir.
Sirkə, şirə-sirop, turşu (şoraba), çörək və digər mayalı un məmulatlarında fermantasiya baş verdiyi üçün təbii olaraq spirt əmələ gəlir. Çörəkdə istilik nəticəsində, xüsusilə qabıq qismindəki spirt uçur, ancaq içində əhəmiyyətli bir miqdar qalır. Bu məhsullardakı nisbət 2-3 % qədərdir. Eyni zamanda portağal, limon, nanə və oxşar təbii məhsullarda 2-3 % nisbətində spirt var. Lakin bunların heç biri insanı sərxoş etmir.
Buna əsasən istehsal edilən şirin kefirin içində yaranan spirt sərxoş etməyəcəyinə görə istehsal edilməsində, satılmasında və içilməsində hər hansı bir problem yoxdur.
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.