Müsəlmanlar

İşdə namaz qılmaq üçün mütləq müdirdən icazə almaq lazımdır?

Sual: Mənim bir tanışım öyrəndi ki, mən işlədiyim yerdə namaz qılıram. Dedi ki, mən də qılacam. Ancaq müdiriyyətdən icazə alandan sonra. Mən də bildirdim ki, soruşmağa ehtiyac yoxdur, qıla bilərsən. O da cavab olaraq: “Yox, olmaz. Gərək müdir icazə verə. Yoxsa haram olar. Çünki onun xəbəri olmadan iş vaxtından oğurluq edirsən. Ancaq və ancaq o buna icazə versə, qılmaq olar”, - dedi. Təəssüf ki, onun bu sözlərinə cavab verə bilmədim. Həqiqətən də, həmin tanışım sözlərində haqlıdır?

Cavab: Vacib (fərz) namazları qılmaq üçün işin yiyəsindən icazə almağa ehtiyac yoxdur. Bu, sizin insan olduğunuz üçün bir haqqınızdır. Bununla belə, sizə vacib olmayan ibadətləri yerinə yetirmək üçün icazə almalısınız. Misal üçün, günorta (zöhr) namazının vacibi olan 4 rükət üçün deyil, vacibdən qabaq və sonra qılınan müstəhəb (sünnə) namazlar üçün icazə almaq lazımdır. Eyni zamanda: “Onsuz da icazə almaq lazım deyilmiş”, – deyib vacib namazları da uzada bilməzsiniz. 4 rükətdən ibarət bir namaz bir insanın orta hesabla 4-5 dəqiqə vaxtını alır. Namazı qılıb qurtaran kimi işinizə qayıtmalısınız. Əgər işlədiyiniz yerdəki fasilələr namaz vaxtına təsadüf edirsə, namazları həmin vaxtlarda qılmalısınız.

Bu məsələ ilə əlaqədar olaraq aşağıdakı keçidə də baxın:

http://www.muselmanlar.com/fitvalar/4268.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.