Müsəlmanlar

Ağır işdə işləyən bir nəfər orucu qəzaya saxlaya bilər?

Sual: Ağır işdə işləyən oruc tutmalıdır, yoxsa yox? Tutmasa, nə olar? Məsələn, tikinti ağır işdir. Fəhlə və ustalar bu sahədə beton, daş, qum və dəmir-dümürlə məşğul olurlar. Yük yükləyir və boşaldırlar. Hava da çox isti keçir. Belə olan halda, nə etməlidirlər?

Cavab: Çətin işdə işləmək oruc tutmağa mane olmur. İslam dinində ancaq xəstə və səfərdə olanlara ramazan ayında oruc tutmamağa dair icazə verilib. Allah Quranda belə buyurur:

“Orucu sayı məlum olan günlərdə tutun. Sizdən xəstə və ya səfərdə olanlar o günlərin sayı qədər başqa günlərdə oruc tutmalıdırlar.

Ramazan elə bir aydır ki, insanlara yol göstərən, doğrunun dəlillərini ehtiva edən və doğrunu səhvdən (haqqı batildən) ayıran Quran o ayda endirilmişdir.

Sizdən kim bu aya yetişsə, onu orucla keçirsin. Kim də xəstə və ya yol üstündə olsa, tuta bilmədiyi günlər qədər başqa günlərdə oruc tutsun.

Allah sizə asanlıq diləyir, çətinlik diləmir. Bir də o sayı tamamlamağınızı və sizə göstərdiyi doğru yol üzrə Ona təkbir gətirməyinizi istəyir. Bəlkə, şükr edəsiniz.” (Bəqərə, 2/184-185)

İstidə işləmək, oruc müddətinin uzun olması, çətin işdə işləmək və bu kimi hallar oruc tutmamaq üçün üzrlü səbəb deyil. Lakin bu kimi şəxslər xəstələnsələr, o təqdirdiə oruclarını poza bilərlər.

Orucun hikmətli cəhətlərindən biri də budur ki, insanların Allahın əmrlərini hər növ şəraitdə yerinə yetirib yetirmədikləri bilinsin. Yuxarıdakı ayələrdən də məlum olduğu kimi, İslam dinində  oruc ibadəti ilə əlaqədar asanlıq prinsipi təkcə xəstə və səfərdə olanları əhatə edir. Əks halda,  oruc tutmaq istəməyən hər bir şəxs özü üçün bir səbəb tapıb həmin prinsip-qaydadan istifadə edərdi.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.