Xüftən namazının vaxtı
Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))
Hacı: Hər şeydən əvvəl bir sual soruşmaq istəyirəm: Sizin hazırladığınız Ramazan təqvimində xüftən namazının axırı formasında bir vaxt qeyd olunub. Siz heç xüftən namazının əzanı oxunmadan onun vaxtını başa çatmış hesab edirsiniz. Bu nə deməkdir?
Müəllim: Xüftən namazı qaranlığın çökdüyü vaxta qədər qılınır. Allah təala buyurur ki, namazı günəşin zavalından gecənin qaranlığınadək qıl (İsra, 17/78). Günəşin zavalı ilə birgə zöhr (günorta) namazının vaxtı daxil olur, qərb üfüqü yaxşıca qaraldıqda da gecə qaranlığı başlayır. Bir ayədə belə deyilir:
“…Və gecənin züləfində (gündüzə yaxın vaxtlarında) namazı tam qıl.” (Hud, 11/114)
Züləf (زلف) sözü Ərəb dilində yaxınlıq mənası daşıyan zülfə (زلفة) sözünün cəm formasıdır (Baxın: Qeyd 1). Mənası gecənin gündüzə yaxın vaxtları deməkdir.
Həmin yaxınlıq isə öz növbəsində gündüz aydınlığının gecənin qaranlığı ilə qarışması nəticəsində üzə çıxıb başa düşülür. Qərb üfüqü yaxşıca qaraldıqda yaxınlıq başa çatır və xüftən namazının vaxtı qurtarır.
Hacı: Siz həmişə deyirsiniz ki, Ərəb dilində cəm forması minimum 3-ü ifadə edir. Belə olan halda gecənin gündüzə yaxın vaxtlarında minimum 3 namaz qılmaq lazımdır?
Müəllim: Düzdür, gecə qılınan vacib (fərz) namazlar 3 vaxtdan az ola bilməz. Həmin namazlar günəş batdıqdan sonra qılınan axşam (şam) və xüftən namazları, o cümlədən gün çıxmamışdan qabaq qılınan sübh namazıdır.
Hacı: Deməli, sübh namazı gecə namazıdır?!
Müəllim: Bəli, günəşin batmağından çıxmağına qədər olan vaxta gecə deyilir. Quran nazil edildiyi vaxt Ərəblər gecəyə belə tərif verirdilər. Quranı məhz buna əsasən başa düşmək lazımdır.
Hacı: Bundan əvvəlki görüşümüzdə 3 doğma və 3 batma məsələsinə toxunmuşdunuz. Onları təzədən izah edə bilərsinizmi?
Müəllim: Sizə bu barədə qısaca məlumat verim: Hər gün 3 doğuş və 3 batma (qürub) olur. Doğma məsələlərini keçən həftə izah etmişdik. Batanlar isə günəş, 1-ci və 2-ci şəfəqlərdir. 1-ci şəfəq batdığı vaxt xüftən namazının vaxtı girir.
1-ci şəfəq: Axşam (şam) namazı vaxtının axırı
Şəkildəki ağartı dağılmağa başladıqda 1-ci şəfəq batır və xüftən namazının vaxtı daxil olur.
1-ci şəfəqin batması və xüftən namazı vaxtının daxil olması
Qərb üfüqü qaraldıqda, yəni, bu hadisə ilə birgə xüftən namazının vaxtı çıxır.
Xüftən namazı vaxtının axırı
Hacı: Sizin danışdıqlarınız hansı məzhəbin fikridir belə? Məgər xüftən namazının vaxtı sübhə qədər çəkmir?
Müəllim: Bizim qeyd etdiyimiz məsələlər Quran ayələri və peyğəmbər hədislərinin açıq-aydın hökmüdür. 4 məzhəbin böyük alimlərinin fikrincə xüftən namazının vaxtı həmin vaxta qədərdir. Misal üçün, Hənəfi məzhəbinin görkəmli nümayəndələrindən biri olan əs-Səraxsi adlı alim belə demişdir:
“İmam Muhəmməd (məşhur Hənəfi alimidir) əl-Kitabda xüftən namazının vaxtının gecə yarısına (qərb üfüqünün yaxşıca qaralmasına) qədər olduğunu bildirib.” (Baxin: Qeyd 2)
İmam Şafei isə bu məsələyə münasibətini aşağıdakı kimi ifadə etmişdir:
“Xüftənin axır vaxtı gecənin ilk üçdə biri keçənə qədərdir. Gecənin həmin hissəsi keçdiyi vaxt namazın da vaxtı keçir. Həzrəti Muhəmməddən (s. a. v.) bu məsələ ilə əlaqədar olaraq gələn bütün hədislər bundan sonra xüftən namazının vaxtının çıxdığını göstərir.” (Baxın: Qeyd 3)
Hacı: Necə yəni müəllim? Deməli, biz indi Hənəfi məzhəbinə tabe olmuruq?
Müəllim: Bəli, siz nəticə etibarilə öz məzhəbinizin böyük liderlərinin fikirlərinə tabe olmursunuz. Sonrakı dövrün Hənəfi alimləri heç bir hədis mənbəyində olmayan bu sözü əsas tuturlar: “Xüftən namazının axırı fəcri-sadiqin üzə çıxdığı vaxtdır.” (Baxın: Qeyd 4)
Hənəfilərin nümayəndələrindən biri olan Mahmud ibn Əhməd əl-Eyni (hicri 855-ci ildə vəfat edib) bununla əlaqədar olaraq belə deyir:
“Bu sözlərlə bizə gəlib çatan bir peyğəmbər hədisi yoxdur. Kitabları şərh edənlərin bu sözə istinad etməyi və onu Əbu Hüreyrədən gələn rəvayət kimi göstərməyi həqiqətən də, çox təəccübləndirici bir haldır. Belə bir şey yoxdur.” (Baxın: Qeyd 5)
Hacı: Mən başa düşə bilmədim. Gecənin yarısı, yoxsa üçdə biri? Əs-Səraxsinin sözü düzdür, yoxsa Şafeinin?
Müəllim: Gecənin 3 hissəsi var: 1-ci hissə axşam (şam) və xüftən namazlarının vaxtıdır. 2-ci və ən uzun hissəyə isə gecənin yarısı, yaxud da ortası deyilir. Bu, yuxu (yatmaq), istirahət və təhəccüd namazı, eləcə də, səhur vaxtıdır. Gecənin 3-cü hissəsinə gəldikdə o, dan yerinin ağarmağından günəşin doğulmağına qədər davam edən sübh namazının vaxtıdır. Gecənin ilk üçdə biri sona yetdiyi vaxt gecə yarısı və ya gecənin ortası dediyimiz vaxt başlayır.
QEYDLƏR:
1) Rağib əl-İsfəhaninin Müfrədat adlı lüğəti:
الزَّلَفُ والزُّلْفةُ والزُّلْفَى: القُربةُ والدَّرَجة والمَنزلةُ … والزُّلْفةُ الطائفةُ من أَوّل الليل، والجمع زُلَفٌ وزُلَفاتٌ. ابن سيده: وزُلَفُ الليلِ: ساعات من أَوّله، وقيل: هي ساعاتُ الليل الآخذةُ من النهار وساعات النهار الآخذة من الليل وزلفاً من الليل، قال الزجاج: هو منصوب على الظرف كما تقول جئت طرفي النهار وأَوّل الليل، ومعنى زلفاً من الليل الصلاة القريبة من أَول الليل، أَراد بالزُّلَفِ المغربَ والعشاء الأَخيرة
2) Şəmsəddin Muhəmməd ibn Əhməd əs-Səraxsi (hicri 483-cü ildə vəfat edib), əl-Məbsut, Beyrut, 1993-cü il, 1-ci cild, s. 145:
أَنَّ الطَّوَالِعَ ثَلَاثَةٌ وَالْغَوَارِبَ ثَلَاثَةٌ ثُمَّ الْمُعْتَبَرُ لِدُخُولِ الْوَقْتِ الْوَسَطُ مِنْ الطَّوَالِعِ وَهُوَ الْفَجْرُ الثَّانِي فَكَذَلِكَ فِي الْغَوَارِبِ الْمُعْتَبَرُ لِدُخُولِ الْوَقْتِ الْوَسَطُ وَهُوَ الْحُمْرَةُ فَبِذَهَابِهَا يَدْخُلُ وَقْتُ الْعِشَاءِ
əl-Mavərdi Əbülhəsən Əli ibn Muhəmməd (hicri 450-ci ildə vəfat edib), təhqiq edənlər Əli Muhəmməd Muvvəd, Adil Əhməd Abdulmövcud, əl-Havi əl-kəbi fi fiqhi-l-imami-ş-Şafei, Beyrut, 1999-cu il, 2-ci cild, s. 24:
وَلِأَنَّ الطَّوَالِعَ ثَلَاثَةٌ الْفَجْرَانِ، وَالشَّمْسُ، وَالْغَوَارِبُ ثَلَاثَةٌ الشَّفَقَانِ، وَالشَّمْسُ، فَلَمَّا وَجَبَتْ صَلَاةُ الصُّبْحِ بِالطَّالِعِ… الْأَوْسَطِ وَهُوَ الْفَجْرُ الصَّادِقُ اقْتَضَى أَنْ تَجِبَ الْعِشَاءُ بِالْغَارِبِ الْأَوْسَطِ – وَهُوَ الشَّفَقُ الْأَحْمَرُ
3) Muhəmməd ibn İdris əş-Şafei, əl-Ümm, beyrut, 1973-cü il, 1-ci cild, s. 74.
4) əs-Səraxsi, yenə orada:
وَآخِرُ وَقْتِ الْعِشَاءِ حِينَ يَطْلُعُ الْفَجْرُ
5) Mahmud ibn Əhməd əl-Eyni, əl-Binayə fi şərhi-l-hidayə, nəşr ili 1980, 1-ci cild, s. 808.
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.