Qureyş surəsi
Bismillahi-r-Rəhmani-r-Rəhim!
(Yaxşılığı sonsuz, ikramı bol Allahın adı ilə!)
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ
لِإِيلَافِ قُرَيْشٍ
إِيلَافِهِمْ رِحْلَةَ الشِّتَاءِ وَالصَّيْفِ
فَلْيَعْبُدُوا رَبَّ هَٰذَا الْبَيْتِ
الَّذِي أَطْعَمَهُمْ مِنْ جُوعٍ وَآمَنَهُمْ مِنْ خَوْفٍ
1) Qureyşlilər ülfət (yaxınlıq, mehriban münasibət) gördükləri üçün,
2) Qış və yay səfərlərində ülfət gördükləri üçün,
3) Bu Beytin (Kəbə) Rəbbinə ibadət etsinlər.
4) O Rəbbə ki, onları aclıqdan toxluğa, qorxudan da əmin-amanlığa çatdırdı.
Yuxarıdakı ayələrin orijinalındakı ilaf sözü lüğəvi cəhətdən öyrəşdirmək, isindirmək, razılğa gəlmək, istəyə əsasən verilən sovqat kimi mənalar verir. Bir termin kimi isə Qureyş qəbiləsinin bəzi qəbilə və ölkələrlə bağladığı ticarət müqavilələrini bildirir. ((Baxın: Türkiyə diyanət vəqfi tərəfindən hazırlanan İslam ensiklopediyasi, Muhəmməd Həmidullah, “İlaf” bəndi, İstanbul, 2000-ci il, 22-ci cild, s. 63-64. Bu mənbə BDU-nun İlahiyyat fakültəsinin kitabxanasında və AMEA-nın mərkəzi elmi kitabxanasının şərq zalında mövcuddur.))
Bu surədə Qureyş qəbiləsi üçün o dövrdə çox böyük əhəmiyyəti olan ticarət imkanlarının çoxluğundan bəhs olunur. Onların Suriya ilə Yəmənin arasındakı böyük ərazilərdə malik olduqları azad hərəkət hüququ xüsusi vurğulanır və qeyd edilir ki, bu rahatlıq onlara Allah tərəfindən bəxş olunub. Bunun səbəbi Kəbə və onun həndəvərindəki yerlərin müqəddəs bir bölgə – əmin-amanlıq-təhlükəsizlik baxımından etibarlı bir şəhər edilməsidir. Allah təala vaxtilə həzrəti İbrahimin etdiyi bir duanı bizə belə bildirir:
“Bir gün İbrahim belə yalvar-yaxar etdi: “Rəbbim! Buranı təhlükəsiz bir şəhər et, onun əhalisinə, – onlardan Allaha və Axır(ıncı) günə iman gətirənlərə çoxlu məhsul və qazanc bəxş et.” Allah dedi: “Mən kafirlik edənə də bir müddət yaxşılıq edər, sonra da onu o atəşin (Cəhənnəm) əzabına giriftar edərəm. Nə pis hala düşməkdir o!” (Bəqərə, 2/126)
Həzrəti İbrahim yoldaşı Həcər və oğlu İsmayılı indiki Məkkə ərazisində qoyduğu vaxt belə dua edib:
“Ey Rəbbimiz! Mən öz nəslimin bir qismini sənin toxunulmaz evinin yanında bitkisiz bir dərəyə yerləşdirdim. Rəbbimiz! Bunu onlar namazı bütöv qılsınlar deyə etdim. Elə et ki, insanların bəzilərinin könülləri onlara meyl etsin. Onlara çoxlu məhsul və qazanc bəxş et. Bəlkə, şükr edələr.” (İbrahim, 14/37)
Allah təala həzrəti İbrahimin dualarını qəbul etmiş, Kəbə və ətrafındakı yerləri çox məhsuldar bir ərazi halına gətirmişdir. İndi də məlumdur ki, başda Məkkə olmaqla, Hicaz bölgəsi ticarət və neft yataqları nöqteyi-nəzərindən dünyanın ən münbit-məhsuldar-əlverişli ərazisidir. Digər tərəfdən həmin dövrdə Qureyş qəbiləsinin ticarət məqsədi ilə səfərə çıxdığı Suriya və Yəmən bölgələri isə dünyanın ən yoxsul yerləri halına gəlib. Allah belə buyurur:
“Məgər onlar bizim təhlükəsiz və müqəddəs bir yer meydana gətirdiyimizi görmürlər? Halbuki onların ətrafındakı insanlar yaxalanıb aparılırlar. Hələ də Allahın nemətlərini danıb əsassız şeylərə inanırlar?” (Ənkəbut, 29/67)
Bu surədə Qureyşin timsalında bütün insanlardan belə bir şey tələb olunur: Onlara verilən nemətlərə aldanıb düzgün yoldan çıxmamaq və ibadəti sadəcə olaraq bütün nemətləri bəxş edən Allaha etmək. Quranda bununla əlaqədar olaraq belə deyilir:
“Var-dövlətiniz və övladlarınız (sizin üçün) ancaq bir imtahandır. Əsl böyük mükafat Allahın dərgahındadır.” (Təğabun, 64/15)
Qazanc və mənfəətin əsl mənbəyindən bixəbər olan qafil insanlar təkcə qazandıqları müddət ərizndə ibadət edirlər. Bunların bir imtahan olduğunu yaddan çıxartmayan insanlar isə həm bolluq, həm də korluq vaxtı, bir sözlə, həmişə Allaha ibadət edirlər. Allah təala belə buyurur:
“İnsanlardan eləsi də vardır ki, Allaha sərhəddə – şübhə ilə ibadət edir. Əgər ona bir xeyir çatsa, onunla rahatlıq tapır. Yox, əgər başına bir iş gəlsə, üz döndərib küfrə qayıdır. O şəxs dünyanı da itirir, axirəti də. Həqiqi zərər də elə budur.” (Həcc, 22/11)
Varlı-hallı olmaq böyük bir imtahandır. Allah öz bəndələrini tez-tez bu imtahanla sınayır. Məhz belə hallarda Qureyş cəmiyyətini yada salmaq və varlı olmağın aldadıcı cəhətindən qorunmaq məqsədilə Allahdan kömək diləmək lazımdır. İnsan ancaq Ona arxalanmalı və əsl xoşbəxt sonluğun Onun dərgahında olduğunu xatırlamalıdır.
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.