Müsəlmanlar
Bəqərə surəsinin 256-cı ayəsi

Bəqərə surəsinin 256-cı ayəsi

Sual: Bəqərə surəsinin 256-cı ayəsini izah edərsinizmi? Məgər biz müsəlman olan bir insanı İslamın buyurduqlarını yerinə yetirməyə məcbur edə bilmərik? Əgər mənim arvad-uşağım müsəlman olduqlarını desələr və belə olduğu halda, ayağı başı açıq gəzsələr, mən onlara müsəlman olduqlarına görə: “Üst-başınızı örtün” - deyə bilmərəm? Halbuki, mən belə bir hədis bilirəm: “Uşaqlarınıza 7 yaşına çatdıqları vaxt namaz qılmağı əmr edin. 12 yaşına çatanda qılmasalar, onları yüngülcə döyün”. Əgər dində məcburiyyət yoxdursa, bu hədisi necə başa düşmək lazımdır?

Cavab: Dinin özəyi imandır. İmanın bünövrəsi isə qəlb ilə təsdiq etməkdir. Qəlb (ürək, könül) insanın daxili aləmindədir. İnsan bu aləmdə olduqca azaddır. Heç bir inancı insana zorla qəbul etdirmək olmaz. Ən çox təzyiq göstərən rejimlər belə, bunu bacara bilməz. Bəqərə surəsinin 256-cı ayəsi bunu bildirir:

“Dində zorakılıq (məcburiyyət) yoxdur. Artıq doğru və əyri bir-birindən yaxşıca ayrılmışdır. Hər kəs azğınları inkar edər və Allaha inanarsa, o, qopmaq bilməyən möhkəm qulpdan tutmuş olar. Allah eşidəndir, biləndir!”.

İnsanlar ibadətə məcbur edilə bilməz. Çünki ibadət etmək üçün niyyət lazımdır. Niyyət isə bir işə daxilən qərar verməkdir. Əməllər niyyətlərə əsaslanır. Bir ibadətin nə məqsədlə yerinə yetirildiyini bir həmin ibadətlə məşğul olan insan, bir də Allah bilir. Niyyət olmadan ibadət etmək mümkün olmadığına görə məcburi ibadət də olmaz. Bir nəfərə zorla namaz qıldırmaq praktiki olaraq mümkündür; amma əgər onun buna niyyəti yoxdursa, nəticə etibarilə namaz qılmamış və boş yerə əyilib qalxmış olur. Bu da heç bir işə yaramır.

Buna görə də heç kim müsəlman olmağa, ya da müsəlman kimi hərəkət etməyə məcbur edilə bilməz.

İslamı başa salıb təbliğ etmək və İslam dinini övladlarımıza öyrətmək onları buna məcbur etmək demək deyil. Çılpaq gəzmək inancın xaricində də fitnə-fəsad və arzuolunmaz hallara yol verdiyinə görə onun qarşısını almağa çalışmaq dini təzyiq hesab edilmir.

Biz hər bir halda insanlara və xüsusilə öz yaxınlarımıza dini başa salmağa davam etməliyik. Allah Quranda belə buyurur:

“Ailənə namazı əmr et, özün də namaza davam et. Biz səndən ruzi istəmirik. Sənə ruzi verən Bizik. Nəticə qorunanların lehinə olur” (Taha, 20/132).

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.