Sual: Mənim bir qədər mal-mülküm var. 4 uşağım var. Bütün var-dövlətimi şikəst uşağıma miras qoymaq istəyirəm. İslam dininə əsasən belə etmək olar?
Cavab: Ata və yaxud ana xəstə və fiziki-əqli cəhətdən qüsurlu olan uşaqlarını müalicə etdirməlidirlər. Yəni, bunun üçün lazım olan məbləği xərcləməlidirlər. Bu, təbii bir haldır.
Ancaq istər sağ vaxtı, istərsə də, ölümqabağı uşaqların arasında fərq qoymaq, ədalətsiz hərəkət etmək olmaz. Bununla əlaqədar bir hədis var:
“Amir Əş-Şəbi belə demişdir:
“Mən Numan ibn Bəşirdən o Kufədə minbərin üstündə xütbə oxuduğu vaxt eşitdim, belə deyirdi”:
“Atam Bəşir (anamın təzyiq göstərməsi ilə) mənə bir kölə bağışlamışdı”.
Anam Rəvaha qızı Amrə (atama):
“Sən bu hibəyə (burada: bağışlanan şey, hədiyyə) Rəsulullahı şahid tutmadıqca mən buna inanmaram, razı olmaram”, – dedi.
Vəziyyəti belə görən atam peyğəmbərin yanına gedib dedi ki, mən Amrə binti Rəvahadan dünyaya gələn oğluma bir kölə bağışlamışam. Lakin ey rəsulullah, Amrə məndən tələb edir ki, bu hibədə səni şahid tutum.
Rəsulullah:
“Sən Numana verdiyin hədiyyən kimi o biri uşaqlarına da verdin?”, – deyə, soruşdu.
Mən cavab olaraq:
“Xeyr”, – dedim.
Rəsulullah:
“Allahdan qorxun, uşaqlarınıza qarşı ədalətli rəftar edin!”, – deyə, buyurdu.
Numan belə dedi:
“Atam peyğəmbərin yanından qayıdıb gəldi və mənə verdiyi hədiyyəsini məndən aldı” (Buxari, Hibə, 11).
Mirası Allahın müəyyən etdiyi qaydalara əsasən bölüşdürmək lazımdır. Atanın ölməzdən əvvəl miras paylarını müəyyən etməyə haqqı yoxdur.
Odur ki, miras məsələsində ayrı-seçkilik etmək olmaz:
http://www.muselmanlar.com/fitvalar/1382.html
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.