Müsəlmanlar

Müsəlman olmayanları nəyə görə Məkkəyə buraxmırlar?

Sual: Məlumdur ki, Məkkə və Mədinə kimi müqəddəs yerlərə müsəlman olmayanları buraxmırlar. Bunun əsas səbəbi nədir? Məgər insanları sırf müsəlman olmadıqlarına görə Allahın evi olan yer və torpaqlardan uzaqlaşdırmaq düzgün bir işdir? Quranda bununla əlaqədar nəsə var?

Cavab: Allah sadəcə olaraq peyğəmbərimizi və müsəlmanları Məkkədən çıxmağa məcbur edən müşriklərin Məkkəyə girməyini qadağan edib. Amma Quran ayələri öz kontekstində deyil, başqa cür mütaliə edildiyin üçün səhv nəticələr yaranıb. O səhvlərdən biri də müsəlman olmayanları Məkkə və Mədinəyə buraxmamaqla əlaqədardır. Başqa cür desək, bir səhv də irəli sürülən bu iddiadır.

Müsəlman olmayanları Məkkəyə buraxmamaqla əlaqədar Quran ayəsi aşağıdakı kimidir:

يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ إِنَّمَا الْمُشْرِكُونَ نَجَسٌ فَلاَ يَقْرَبُواْ الْمَسْجِدَ الْحَرَامَ بَعْدَ عَامِهِمْ هَـذَا وَإِنْ خِفْتُمْ عَيْلَةً فَسَوْفَ يُغْنِيكُمُ اللّهُ مِن فَضْلِهِ إِن شَاء إِنَّ اللّهَ عَلِيمٌ حَكِيمٌ

“Ey iman gətirənlər! O müşriklər murdardırlar. Odur ki, özlərinin bu ilindən sonra Məscidulharama yaxınlaşmasınlar. Əgər kasıblıqdan qorxursunuzsa, (bilin ki,) Allah əmr etdiyi təqdirdə Öz lütfündən (bəxş etməklə) sizi varlandırar. Allah Biləndir, düzgün qərar verir.” (Tövbə, 9/28)

Ayədəki “o müşriklər الْمُشْرِكُونَ sözü Tövbə surəsinin əvvəlində haqlarında danışılan müşrikləri ifadə edir. Onlara törətdikləri cinayətə bərabər bir cəza verilməyi tələb olunur.

Bu məsələ ilə əlaqədar ayələrdən biri də budur:

وَأَخْرِجُوهُم مِّنْ حَيْثُ أَخْرَجُوكُمْ

“Onların sizi çıxartdıqları yerdən siz də onları qovun.” (Bəqərə, 2/191)

Müşriklər peyğəmbərimizi Məkkədən çıxmağa məcbur etdikləri üçün onlara belə bir xəbərdarlıq edilmişdi:

وَإِن كَادُواْ لَيَسْتَفِزُّونَكَ مِنَ الأَرْضِ لِيُخْرِجوكَ مِنْهَا وَإِذًا لاَّ يَلْبَثُونَ خِلافَكَ إِلاَّ قَلِيلاً. سُنَّةَ مَن قَدْ أَرْسَلْنَا قَبْلَكَ مِن رُّسُلِنَا وَلاَ تَجِدُ لِسُنَّتِنَا تَحْوِيلاً

“Səni bu torpaqlardan çıxartmaq üçün az qalmışdı ki, yerindən oynatsınlar. Çünki səni qovduqdan sonra özləri də (orada) ancaq az bir müddət qala bilərdilər.

Səndən əvvəl göndərdiyimiz elçilərə tətbiq olunan qanun budur. Sən Bizim qayda-qanunlarımızda heç bir dəyişiklik tapa bilməzsən.” (İsra, 17/76-77)

Müsəlmanlar Məkkəni fəth etdikdən sonra müsəlmanlarla bağladıqları müqaviləni pozan müşriklərə 15 ay ərzində toxunulmayıb. Ancaq sonra onlara 4 ay əlavə möhlət verilib. Deyilib ki, Məkkədən çıxın, əks təqdirdə, tapıldığınız yerdə qətl ediləcəksiniz. Müvafiq ayələr belədir:

“Allahdan və Onun Peyğəmbərindən saziş bağladığımız müşriklərə əlaqələrin kəsilməsi barədə bir xəbərdarlıq!

Bu torpaqlarda 4 ay da gəzib dolaşın. Bilin ki, Allahı naəlac qoya bilməzsiniz. Amma Allah özünü görməməzliyə vuran kafirləri biabır edər.

Bu böyük həcc günündə Allah və Onun Elçisi tərəfindən bütün insanlara bildirilən budur: Allahın müşriklərə bir dəstəyi yoxdur. Elçisinin də elə. Ey müşriklər! Tövbə etsəniz, öz xeyrinizə olar. Üz döndərsəniz, bilin ki, siz Allahı əlacsız qoya bilməzsiniz. Kafirləri amansız bir əzabla müjdələ.

Bu xəbərdarlıq sizinlə saziş bağlayan və sonra bir təqsirə yol verməyən, sizə qarşı kimi isə dəstəkləməyən müşrikləri əhatə etmir (onlar bundan kənardırlar). Onlara qarşı olan əhdinizi müddəti başa çatana qədər qoruyun. Allah qorunanları sevər.

(Dörd) haram ay ((Yuxarıdakı xəbərdarlıq haram ayların 2-cisi olan Zilhiccədə edilmişdi. Buradakı haram aylar (əl-əşhurul-hurum) məlum olan aylar deyil, 2-ci ayədə bildirilən 4 aydır. Ona görə haram adlandırılır ki, bu müddət ərzində tərəf-müqabillər toxunulmaz hesab olunur.)) qurtardıqda o müşrikləri ((Sazişi pozan müşriklər nəzərdə tutulur.)) tapdığınız yerdə (harda rast gəlsəniz) öldürün. Onları tutun, mühasirəyə alın, onlar üçün hər müşahidə yerində oturun. Əgər tövbə etsələr, namaz qılıbn zəkat versələr, yollarını açın. Allahın bağışlamağı çox, ikramı boldur.

Əgər müşriklərdən biri səndən aman diləsə, ona aman ver ki, Allahın sözünü eşitsin. Sonra onu özünün xatircəm olduğu yerə çatdır. Belə et. Çünki onlar biliksiz bir camaatdır.” (Tövbə, 9/1-6)

Müqaviləni pozmayan müşriklər üçün bir qadağa qoyulmayıb. Lakin sazişi pozanlar müvəqqəti olsa da, Məkkəyə girə bilməyəcəkdilər. Məlumdur ki, bu, Məkkənin iqtisadi həyatına təsir edəcəkdi. Aşağıdakı ayədə məsələnin həmin cəhəti vurğulanır:

“Ey iman gətirənlər! O müşriklər murdardırlar. Odur ki, özlərinin bu ilindən sonra Məscidulharama yaxınlaşmasınlar. Əgər kasıblıqdan qorxursunuzsa, (bilin ki,) Allah əmr etdiyi təqdirdə Öz lütfündən (bəxş etməklə) sizi varlandırar. Allah Biləndir, düzgün qərar verir.” (Tövbə, 9/28)

Yuxarıdakı ayələrdən başa düşülür ki, Məkkəyə girmək qadağası peyğəmbər və müsəlmanları Məkkədən çıxardan və sonra bağlanmış sazişi pozan müşriklərlə əlaqədardır. Buna baxmayaraq Quran ayələri lazım olduğu kimi deyil, başqa tərəflərə çəkilib oxunmuş, nəticədə müsəlmanların müsəlman olmayanlarla münasibətləri düzgün qiymətləndirilməmişdir. Misal üçün, İmam Malik müsəlman olmayanların istər Məscidi-Harama, istərsə də digər məscidlərə girməyinin qadağan olduğunu deyib. İmam Şafeinin fikrincə müsəlman olmayanlar xüsusilə Məscidi-Haramdan uzaqlaşdırılmalıdırlar. Buna görə də İslam dövlət başçısı Məkkədə olsa və müşriklərdən bir elçi gəlsə, dövlət başçısı onu Haram ərazisindən kənarda qəbul etməlidir. Əbu Hənifə isə belə hesab edir ki, müşriklərə qadağan olan Məkkədə həcc və ömrə ziyarətləridir. Yəni, “Məscidi-Harama yaxınlaşmasınlar” “Həcc və ömrəyə gəlməsinlər” deməkdir. Bu o deməkdir ki, onlara həcc daxilində Haram bölgəsinə girmək, Məkkə, Ərəfat və Müzdəlifə kimi yerlərdə müsəlmanlarla birgə həcc mənasikini yerinə yetirmək qadağandır. Odur ki, başqa məscidlərə və həclə əlaqədar olmayan məsələlərdə onlara icazə vermək olar. ((Baxın: Elmalılı Muhammed Hamdi Yazır, Haqq dini Quran dili, Tövbə surəsinin 28-ci ayəsinin təfsiri.))

Müsəlmanların müsəlman olmayanlarla münasibətlərini tənzimləyən Quran ayələri bunlardır:

“Allah din barəsində sizinlə müharibə etməyən və sizi yurd-yuvanızdan çıxartmayan kəslərə yaxşılıq etməyinizi və onlara qiymət verməyinizi qadağan etməz; düzü, Allah qədir-qiymət bilənləri (ədalətli olanları) sevər. Allah yalnız sizinlə din yolunda vuruşanları, sizi yurd-yuvanızdan çıxardanları və çıxartmaqlarına kömək edənləri özünüzə dost tutmağınızı qadağan edər. Onlarla dostluq quranlar əsl zalımlardır”. (Mumtəhinə, 60/8-9)

Yuxarıdakı ayələrdən belə məlum olur ki, bizim müsəlman olmayanlarla münasibətlərimizdə 3 “qırmızı xəttimiz” vardır:

1) Onların bizimlə dinimizə görə müharibə etmələri;

2) Bizi yurd-yuvamızdan çıxartmaqları;

3) Bizi yurd-yuvamızdan çıxardanları dəstəkləmələri.

Ətraflı məlumat üçün bu keçidə daxil olun:

http://www.muselmanlar.com/fitvalar/434.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.