Sual: Deyilir ki, Muhəmməd peyğəmbər Məkkədən Mədinəyə hicrət edəndən sonra orada yaşamağa başlayıb. Məkkəyə gedən karvanlara hücum edib və bundan qeyzlənən Qüreyş qəbiləsinin nümayəndələri də müsəlmanlara qarşı döyüşməyə başlayıblar. Bu əhvalat olub? Əgər olubsa, deməli, peyğəmbərimiz və əshabələri karvanlara hücum etdiklərinə görə müqəssirdirlər. Əgər belə bir hadisə olmayıbsa, Mədinəyə hicrətdən sonra baş verən döyüşlərin səbəbi nə idi?
Cavab: Hər şeydən əvvəl qeyd edilməlidir ki, tarixi hadisələri tədqiq etdikdə o hadisələrlə əlaqədar bütün məsələləri səbəb-nəticə baxımından yaxşı-yaxşı nəzərdən keçirmək lazımdır. Yəni, əsas məsələyə yarım-yamalaq deyil, obyektiv və tam formada yanaşmaq lazımdır.
Muhəmməd peyğəmbər (s. a. v.) və əshabələri sadəcə olaraq dini əqiələrinə görə öz yurd-yuvalarından çıxardılıb. Məhz bu səbəbə görə mal-mülklərini qoyub getmək məcburiyyətində qalıblar. Onların bir hissəsi Həbəşistana, bir hissəsi də Mədinəyə hicrət etməyə məcbur olublar. Məkkəlilər isə müsəlmanları təkcə öz yerlərindən çıxartmaq və mallarını ələ keçirməklə kifayətlənməyiblər. Eyni zamanda onların sığındıqları Həbəşistan və Mədinə hakimləri və oradakı nüfuzlu şəxslərə müxtəlif siyasi təzyiqlər göstəriblər. Onlardan müsəlmanları mühafizə etməməyi tələb ediblər. ((Baxın: İbn Hişam, Sirətu İbn Hişam, s. 217; Əhməd ibn Hənbəl, 4-cü cil, s. 198.))
Qurani-Kərimdə belə deyilir:
“Allah din barəsində sizinlə müharibə etməyən və sizi yurd-yuvanızdan çıxartmayan kəslərə yaxşılıq etməyinizi və onlara qiymət verməyinizi qadağan etməz; düzü, Allah qədir-qiymət bilənləri (ədalətli olanları) sevər. Allah yalnız sizinlə din yolunda vuruşanları, sizi yurd-yuvanızdan çıxardanları və çıxartmaqlarına kömək edənləri özünüzə dost tutmağınızı qadağan edər. Onlarla dostluq quranlar əsl zalımlardır”. (Mumtəhinə, 60/8-9)
Yuxarıdakı ayələrdən belə məlum olur ki, bizim müsəlman olmayanlarla münasibətlərimizdə 3 “qırmızı xəttimiz” vardır:
1) Onların bizimlə dinimizə görə müharibə etmələri;
2) Bizi yurd-yuvamızdan çıxartmaqları;
3) Bizi yurd-yuvamızdan çıxardanları dəstəkləmələri.
Məkkəlilər bu xətlərin hamısını keçmişdilər. Bu, aydın bir məsələdir.
Müsəlmanlar da Mədinəyə hicrət etdikdən sonra onlara iqtisadi cəhətdən təzyiq göstərmək və nəzarətdə saxlamaq, yaxud da nüfuz dairələrində saxladıqları Mədinə həndəvərindən Qüreyşlilərə məxsus olan karvanların keçməyini qadağan etməklə (bunun qarşısını almaq) eyni cür hərəkət edirdilər. ((Baxın: Muhəmməd Həmidullah, Həzrəti peyğəmbərin savaşları, Yağmur nəşriyyatı, 4-cü nəşr, İstanbul, 1991, s. 56.))
Deməli, müsəlmanların Mədinədə Qüreyş qəbiləsinin karvanlarına hücum etməyi müharibə hüququ baxımından təbii bir şeydir, bunu təbii qarşılamaq lazımdır.
Sualınızla əlaqədar olaraq aşağıdakı keçidə də nəzər yetirin:
http://www.muselmanlar.com/fitvalar/4785.html
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.