Sual: Talaq (boşanma) baş verdiyi vaxt kişi qadının dolanışıq xərclərini ölənə qədər ödəməlidir?
Cavab: Quranın Talaq (boşanma) surəsində bu sualların cavabı var. Orada belə deyilir:
“Onlara (gözləmə müddətləri başa çatanadək) imkanınız daxilində öz yaşadığınız yerdə qalmağa yer verin. Sıxışdırmaq məqsədilə onlara zərər yetirməyin (o yeri onların başına dar etməyin). Əgər onlar hamilədirlərsə, hamiləlikdən azad olana qədər onlara (malınızdan) xərcləyin. Sizin üçün uşaq əmizdirirlərsə (boşanan qadının uşağı əmizdirmək məcburiyyəti yoxdur), onların haqqını verin. Öz aranızda xoşluqla razılığa gəlin. Bir-birinizi çətinliyə salsanız, uşağı əmizdirməyi başqa bir qadına həvalə edin.
Var-dövlət sahibi öz varına görə xərcləsin. İmkanı az (sabit gəlirlə işləyən) olan isə Allahın ona verdiyindən xərcləsin. Allah heç kəsin üzərinə Özünün ona verdiyi (nemətdən) artıq yük qoymaz. Allah hər bir çətinlikdən sonra asanlıq verir.” (Talaq, 65/6-7)
Qeyd edək ki, bütün bunlar qadının iddə (gözləmə) müddəti ilə məhduddur. Bu müddət başa çatdıqdan sonra kişinin həmin qadının dolanışıq xərclərini ödəmək kimi bir məcburiyyəti yoxdur.
Nəticə olaraq, boşanma baş verdikdən sonra kişi qadının dolanışığını ölənə qədər deyil, qadının iddə müddəti qurtaranadək ödəməlidir.
QEYD: Nəfəqə sözü ümumi mənada yemək-içmək, dolanışıq və yaşamaq üçün yer kimi zəruri ehtiyacları ödəməyə çatacaq miqdarda pul və ya əşyaları ifadə edir.
Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.